Tarixin Rəngləri: 65 İl Keçmişdən Gələcəyə Rauf Zeyni ilə Səyahət
Həyat, özünün sonsuz dəhlizləri ilə bizə hər addımda yeni sirlər açar. Bu dəfəki qonağımız, "Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi" İctimai Birliyinin sədri Rauf Zeyni, uzun və rəngarəng ömrünün hər anında qazandığı dəyərli təcrübələri bizimlə bölüşəcək.
Hər il qarşıladığımız yeni bahar kimi, yaşlanmaq da ömrümüzün qat-qat artan dəyərini göstərir. Rauf müəllimin həyatı, bu yolların ən gözəl nümunəsidir. Bu gün onun 65 illik mənalı həyat yolculuğuna birlikdə nəzər salacağıq.
- Rauf müəllim! Yaxınlaşan 65-ci illik yubileyiniz münasibətilə sizi ürəkdən təbrik edirik. Sizin xatirələrlə dolu rəngarəng bir həyatınız var. Uşaqlıq - bu günahsız illərdə qəlbinizdən dəyərli yer tutan dərs nə olub?
- Çox sağ olun. Təşəkkür edirəm təbriklərinizə görə. Təbii ki, mənim doğulduğum mühit Zəngəzur mahalı, Qarakilsə rayonudur. O yurd, o məkan, o təbiət, onun gözəlliyi, onun insanlarının sadəliyi, zəhmətkeşliyi bizim uşaqlıq xatirələrimizdə kompleks şəkildə əks olunub. O mühit çox maraqlı, çox sərt bir mühit idi, ciddi mühit idi. Belə demək mümkünsə, əsl vətənpərvərlik mühiti idi ki, ordan vətəni sevməyən insanın çıxması demək olar ki, qeyri-mümkün idi. Ona görə də bizim ilk ustadımız, ilk müəllimimiz, ilk pedaqoqumuz elə bizim vətənimiz, yurdumuz, elimiz, obamız olub. Və biz bütün əldə etdiyimiz nailiyyətlərə o yurda, o elə, o vətənə, o insanlara minnətdarıq ki, onlar bizim ilk ustadımız olub həyatda. Sonra mən, təbii ki, məktəbə Sumqayıt şəhərində getmişəm. Bizim ailə əvvəlcədən də Sumqayıtda məskunlaşmışdı. Sadəcə olaraq mənə kənddə nənəmlə babamın yanında böyüməyə imkan vermişdilər ki, mən həmin o dediyim yurdun komponentlərini öz ruhuma hopdurum.
- Doğulduğunuz kəndin və ya rayonun mədəniyyəti və mühiti sizə necə təsir etdi? Ailənizdə və ya yaxın ətrafınızda sizə nümunə olan insanlar kimlər idi?
- Sumqayıt mühiti də çox maraqlı bir mühit idi və biz orda da fakt olaraq deyim ki, 1990-cı ilə qədər Sumqayıtda 84 millətin, yəni etnosun nümayəndəsi yaşayırdı. Sumqayıt çox maraqlı, gənclik şəhəri idi, zəhmətkeşlər şəhəri idi, kimya və metallurgiya, eyni zamanda sənaye şəhəri idi. Azərbaycanın əhalisinə görə üçüncü şəhəri, sənaye potensialına görə isə ikinci şəhər idi. Ümumiyyətlə, yəni insan kimi, vətəndaş kimi, ziyalı kimi böyümək üçün Sumqayıt çox maraqlı bir mühit idi və eyni zamanda mənim də taleyimdə özünəməxsus yer tutub. Sumqayıtın dərin izləri var, çünki mən də o mühiti öyrənmişəm, yaşamışam və bir çox məsələləri də o mühitdə, belə demək mümkündürsə, öz taleyimə yazmışam. Gözəl insanlarla tanış olmuşuq, gözəl müəllimlərimiz olub. Bütün mənada çox səmimi, sadə, peşəkar, vətənpərvər, insanpərvər müəllimlərimiz, ustadlarımız olub ki, bizim gənclik dövrümüzdə bizim düşüncəmizin formalaşmasında, məfkurəmizin formalaşmasında, gələcəkdə məfkurəyə çevrilən bir düşüncəmizin formalaşmasında çox tarixi xidmətlər göstəriblər. Dünyasını dəyişənlərin hamısını mən Allahdan rəhmət diləyirəm. Qalanların hamısına can sağlığı arzu edirəm ki, onlar doğrudan da bizim insan, vətəndaş, azərbaycanlı kimi formalaşmağımızda, o cümlədən bir oğuz türkü kimi formalaşmağımızda özünəməxsus xidmətlər göstəriblər. Mən onların hamısına dərin minnətdarlığımı bildirirəm və müəllimlərimin, ustadlarımın qarşısında baş əyirəm. Sonra, təbii ki, həyat mühiti, yəni 25 yaşımdan sonra mən proseslərin şahidi oldum.
- İctimai fəaliyyətə qoşulmağınıza səbəb olan əsas amil nə idi? QHT sektorunda və ictimai təşkilatlarda gördüyünüz ən mühüm işlərdən hansını vurğulamaq istərdiniz?
- Sonra 1988-ci ildə məlum Sumqayıt hadisəsi baş verdi. Biz elə Şərqi Avropada gedən prosesləri izləyirdik, sonra bizdə də başladı, SSRİ-də. Yəni keçmiş Sovetlər Birliyində. 1988-ci ildə Sumqayıt hadisələri artıq kulminasiya nöqtəsi oldu ki, biz anladıq ki, özünü müdafiə etmək, özünü qorumaq, təhlükəsizliyi, yəni cəmiyyətin, millətin, dövlətin təhlükəsizliyini qorumaq kimi bir vacib məsələ var ki, hansı ki, biz bunu Sumqayıt hadisələrində, sonra 20 Yanvarda və digər hadisələrdə anladıq, şahidi olduq. Biz anladıq ki, dövlətimiz olmalıdır, cəmiyyətimiz olmalıdır, güclü mühitimiz olmalıdır ki, biz dövlətin və cəmiyyətin təhlükəsizliyini qoruya bilək. Bunlar hamısı çox vacib məsələlərdir. Yəni nəzəriyyə, oxuduğumuz, mütaliə etdiyimiz əsərlər, kitablar öz yerində. Amma reallıqda gördüklərimiz romantizmlə realizmin arasında bizim düşüncəmizi formalaşdırdı. Təbii ki, 1985-ci ildən sonra müəyyən qadağalar götürüləndən sonra çap olunan əsərlər, o əsərlər də bizim yeni, belə deyək ki, başqa bir formada milli düşüncəmizin, bəşəri düşüncəmizin formalaşmasında çox mühüm rol oynadı. Yəni bu əsərlər həm bizim milli yazarlarımızın, həm beynəlxalq yazarların əsərlərini nəzərdə tuturam. O illərdə çap olunan əsərlər bizim düşüncəmizi dəyişdi və təbii ki, Sumqayıt hadisələrindən sonra biz bir daha anladıq ki, bir ziyalı kimi, əlində heç bir imkan olmasa belə, biz hadisələrə biganə olmamalıyıq, proseslərə biganə olmamalıyıq və bacardığımız qədər, sıravi bir vətəndaş olsaq da, sıravi bir müəllim olsaq da, sıravi bir insan olsaq da, bir Sumqayıt sakini kimi, bir Sumqayıt vətəndaşı kimi, ən azından Sumqayıtda gedən proseslərə biganə qalmamalıyıq, proseslərdən kənarda qalmamalıyıq. Ona görə də aktiv proseslərə qoşulduq və həm Sumqayıt hadisələri ilə bağlı, həm 20 Yanvarla bağlı, milli azadlıq hərəkatında biz aktiv olduq. Təbii ki, bu proseslərdə də maksimum çalışdıq ki, ziyan verməyək, heç olmasa öz töhfəmizi verə bilək. Onu da, yəni bilənlər bilir ki, mən şəxsən öz tarixçəmdə nə qədər töhfələr verdiyimi, həm Sumqayıtın inkişafında, həm Sumqayıtda təhlükəsizliyin, sabitliyin qorunub saxlanmasında, bütövlükdə hadisələrə, proseslərə, mütərəqqi müdaxilənin olunmasında, məsələn, Sumqayıt hadisələrilə əlaqədar hüquqi qiymətin verilməsi üçün deputat istintaq komissiyasının yaradılması ilə bağlı hüquqi qiymət verilməsi məsələsində mən 1990-cı ildən təkliflər verdim, amma iki il qəbul olunmadı. Amma 1992-ci il sentyabrın 29-da şəhər Xalq Deputatları Sovetinin deputat istintaq komissiyasının yaradılması ilə bağlı belə bir qərar qəbul olundu. Şəhərdə Corat qəsəbəsində və Hacı Zeynalabdin qəsəbəsində bütün küçə adlarının dəyişdirilməsi və milli adların qoyulması məsələləri də var. Eyni zamanda, yenə dediyim kimi, müharibə dövründə torpaqlarımızın işğaldan azad olunması, ən azından ərazi bütövlüyümüzün qorunub saxlanması istiqamətində də biz özümüzə görə tarixi xidmətlərimizi göstərmişik. Sonrakı illərdə təbii ki, İcra hakimiyyətində, Şəhər Xalq Deputatları Sovetində, müavin olduğum dörd il ərzində də biz həmin xidmətləri davam etdirmişik və orada da həm xidmətlərimizi göstərmişik, həm də çalışmışıq ki, bizə etimad göstərən Sumqayıt əhalisini, camaatımızı layiqincə orada təmsil edə bilək. Bu günlərdə mən çox razıyam ki, camaatımız, xalqımız çox yüksək səviyyədə buna qiymət verir, Allah onlardan razı olsun. Sonrakı illərdə təbii ki, həmin o maarifçilik hərəkatı davam edirdi və biz də ona uyğun olaraq yollar axtarırdıq. 1991-ci ildə biz ictimai birlik yaratmışdıq, Ulus Mədəniyyət Mərkəzi, və sonrakı illərdə də bildiyiniz kimi, artıq 1998-ci ildən bu proseslərdə iştirak etdik.
- 65 illik həyatınız ərzində sizi ən çox sevindirən və ilham verən hadisə nə olub? Həyatda rəhbər tutduğunuz əsas prinsiplər hansılardır?
- 1999-cu ildə Milli QHT Forumu təsis olundu və biz də orda İdarə Heyətində təmsil olunduq. 2002-ci ildə mən Demokratik Seçki Mərkəzinin sədri oldum və 2008-ci ilə qədər bu vəzifədə oldum. Həm referendumlarda, həm prezident seçkilərində, həm parlament və bələdiyyə seçkilərində iştirak etdik. Yəni biz bu proseslərdə 1990-cı illərdən iştirak etməyə başlamışıq. bütün seçkilərdə bacardığımız töhfələri vermişik. Yenə də deyirəm ki, bunu bilənlər yaxşı bilir. Sonrakı illərdə isə proseslər artıq ictimaiyyətin diqqətində olub və bu barədə internetdə çoxlu məlumatlar mövcuddur. 92-ci ildən 96-cı ilə qədər ictimai fəaliyyətlə yanaşı, başqa fəaliyyətlər də göstərmişik. Məsələn, Sumqayıt Xəzər Futbol Klubunun fəxri prezidenti kimi, Sumqayıtda futbolun inkişaf etməsinə və komandamızın böyük uğurlar qazanmasına mühüm dəstək vermişəm. Bu gün də bəzi insanlar tərəfindən bu xidmətlər qiymətləndirilir. Bütün qadağalara baxmayaraq 1 dekabr 1990-cı ildə Naxçıvana gedib Ulu öndər Heydər Əliyavlə görüşüb tarixi müsahibə almışam. İctimai fəaliyyətlərimiz isə geniş şəkildə televiziyalarda və internetdə əks olunub. 1999-cu ildə MQF-nin yaranmasında iştirak etdim, 2008-ci ildə Milli QHT Forumunun rəhbəri oldum və 25 il ərzində vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, regionlarda vətəndaş cəmiyyətinin inkişafı, vətənpərvərlik sahəsində maarifçiliyin həyata keçirilməsi kimi bir çox mühüm istiqamətlərdə fəaliyyət göstərmişəm. Bütün bu fəaliyyətlər sosial mediada da geniş şəkildə yer alıb. Demokratik Seçki Mərkəzinin sədri kimi seçki proseslərində, mənim təşəbbüsümlə yaranan Diaspora Mərkəzi və Diaspora jurnalının təsis edilməsi məsələsi də bu dövrə aiddir. Həmçinin Milli Birliyin yaranması, vətənpərvərliyin təbliğ edilməsi, Azərbaycan dövlətçiliyi və Ulu öndər Heydər Əliyev və daha sonra ölkə prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında dünya azərbaycanlılarının sıx birləşməsi istiqamətində də, bir çox fəaliyyətim olub. Biz bu istiqamətdə xeyli fəaliyyət göstərdik, bir neçə ölkədə Diaspora jurnalını yayımladıq və 10 il boyunca Diaspora Mərkəzi kimi fəaliyyət göstərdik. 2006-cı ildə isə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü seçildim, bu da mənə böyük şərəf və məsuliyyət gətirdi. Bütün bu fəaliyyətlər könüllü olaraq həyata keçirildi. 16 il Milli QHT Forumunun rəhbəri olaraq fəaliyyət göstərdim, bu müddət ərzində QHT hərəkatının genişlənməsi, yeni QHT-lərin yaradılması, formalaşması və qeydiyyatdan keçməsi istiqamətində çox mühüm işlər görmüşük. Həmçinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, sosial rifahın yaxşılaşdırılması, xüsusilə gənclərin maarifləndirilməsi kimi prioritet istiqamətlərə üstünlük vermişik.
- Boş vaxtlarınızda ürəyinizcə olan fəaliyyətlər hansılardır? Gələcəkdə uğur qazanmaq arzusunda olan gənclərə hansı tövsiyələri vermək istərdiniz?
- Bizim qeyd etmədiyimiz və unudduğumuz məqamları, əlbəttə ki, ictimaiyyət və sizin kimi QHT.az kollektivləri yaddaşlarda saxlayıb. Elektron yaddaşlarda, virtual yaddaşlarda bu məlumatlar mövcuddur və maraqlananlar bunu araşdıra bilərlər. Bir nümunə olaraq, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvü kimi 15 il fəaliyyət göstərmişəm. Bunu həm televiziyada, həm mediada izləyənlər yaxşı bilir. Çox sayda fəaliyyətimiz olduğuna görə sizi çox yormaq istəmirəm, amma bu fəaliyyətlərin hər biri ayrı-ayrı vacibdir. Mənim üçün ən təsirli məqam isə 44 günlük Vətən müharibəsidir. Bu müharibə, xalqımızın, ordumuzun, dövlətimizin birliyi ilə qazandığımız tarixi Zəfərdir. Bu zəfər bizim ən böyük stimulumuza çevrilib və bundan sonra da biz bu güclə və stimulla Vətənə xidmət etməyə davam edəcəyik. Şəhidlərimizin ruhu şad olsun, qazilərimizə Allah şəfa versin. Torpaqlarımızın işğaldan azad olunmasında xidmət göstərən hər kəsin qarşısında baş əyirik. Bu tarixi zəfər bizim vətəndaş cəmiyyətimizə də böyük stimul verib və bundan sonra da dövlətə xidmət etməliyik. Bir daha təşəkkür edirəm.
- Sizi bu yaşda da aktiv saxlayan motivasiya nədir?
- 44 günlük Vətən müharibəsi, Dəmir Yumruq əməliyyatı, tarixi zəfər qazanmağımız bizim ən böyük tarixi qələbəmiz və ən böyük ilham mənbəyimiz olub. Bu, bütün dünyada başımızın uca olmasına gətirib çıxarıb. Bundan böyük stimul yoxdur. Bu enerji ilə bundan sonrakı fəaliyyətimizdə də davam etdirəcəyik. Şəhidlərimizin ruhu şad olsun, qazilərimizə Allah şəfa versin, torpaqlarımızın azad olunmasında xidmət göstərən hər kəsə Allah köməyi olsun.
Sizə sağlamlıq, uzun ömür, yeni-yeni uğurlar və həyatınızın hər anını dəyərli keçirmənizi diləyirik. Yubileyiniz mübarək olsun!
Cəsarət Hüseynzadə, Pərvanə Fərhadqızı
QHT.az
Rauf Zeyni – Həyat Yolu və İctimai Fəaliyyəti
Uşaqlıq və Təhsil illəri
Rauf Zeyni Xurşud oğlu 15 yanvar 1960-cı ildə Azərbaycan Respublikasının qədim və tarixi ərazisi olan Zəngəzur mahalının Qarakilsə (indiki Sisian) rayonunun Vağudi kəndində anadan olub. Uşaqlıq illərindən elmə, təhsilə və ictimai fəaliyyətə maraq göstərən Rauf Zeyni təhsilini Sumqayıt şəhərində davam etdirərək həyat yolunda uğurlu addımlar atmağa başlayıb.
1975-ci ildə S.Hacıbəyov adına Sumqayıt şəhər musiqi texnikumuna daxil olmuş və 1979-cu ildə bitirmişdir. Daha sonra, 1989-1994-cü illərdə Ə.Hüseynzadə adına ADMİ Universitetində rejissor ixtisası üzrə ali təhsil almışdır. Təhsilə olan marağını daim artıran Rauf Zeyni, 1998-2001-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında inzibati idarəetmə – dövlət və bələdiyyə idarəetməsi sahəsi üzrə təhsilini başa vurmuşdur.
Peşəkar Fəaliyyət
Peşəkar fəaliyyətinə 1977-ci ildən Sumqayıt şəhəri 17 saylı orta məktəbdə müəllim kimi başlayan Rauf Zeyni, qısa müddət sonra Yevlax şəhəri 1 saylı musiqi məktəbində müəllim kimi fəaliyyət göstərmişdir. 1979-81-ci illərdə Sovet ordusunda hərbi xidmət keçmiş, 1981-1985-ci illərdə Sumqayıt şəhər Mədəniyyət Evində təşkilatçı və bədii rəhbər vəzifələrində çalışaraq mədəniyyət sahəsində vacib işlərə imza atmışdır. Daha sonra 1985-1991-ci illərdə Sumqayıt şəhər 1 saylı İncəsənət məktəbində müəllim kimi fəaliyyətini davam etdirmişdir.
Rauf Zeyni təkcə təhsil və mədəniyyət sahəsində deyil, həm də ictimai-siyasi fəaliyyətlərdə fəal iştirak etmişdir. 1990-1995-ci illərdə Sumqayıt şəhər Xalq Deputatlar Sovetinin deputatı olmuş və Təhsil və Mədəniyyət Komissiyasının sədr müavini kimi önəmli işlər görmüşdür. Həmin dövrdə şəhərin təhsil və mədəniyyət sahəsində müxtəlif inkişaf layihələrinin həyata keçirilməsində iştirak etmişdir. 1992-1995-ci illərdə Sumqayıt şəhər Xalq Deputatlar Soveti sədrinin müavini və Rəyasət Heyətinin üzvü kimi fəaliyyət göstərmişdir.
İctimai Fəaliyyət və Layihələr
2002-ci ildən başlayaraq Rauf Zeyni bir sıra mühüm ictimai və diaspora qurumlarına rəhbərlik etmişdir. MQF Diaspora Mərkəzinin və Demokratik Seçki Mərkəzinin sədri olaraq diaspor fəaliyyətində və seçkilərdə önəmli layihələrə imza atmışdır.
Rauf Zeyni hazırda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvüdür. 2008-2024-cü illərdə MQF-nin prezidenti, 2011-2024-cü illərdə Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının üzvü olub. Hazırda Bakı QHT Resurs və Təlim Mərkəzinin sədri olaraq da fəaliyyət göstərir. 2015-ci ildən Ədliyyə Nazirliyi, 2021-ci ildən isə Daxili İşlər Nazirliyi yanında İctimai Şuraların üzvüdür.