Şuşada NexGen: Sosial İnnovasiyalar Forumu keçirilib
Şuşada “Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024" Beynəlxalq Proqramı çərçivəsində NexGen: Sosial İnnovasiyalar Forumu keçirilib.
Zeferinfo.az "Report"a istinadən xəbər verir ki, tədbirə dövlət rəsmiləri, İƏT Gənclər Forumu, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nümayəndə heyətləri, müxtəlif qurumların, təşkilatların rəhbər nümayəndələri və 36 ölkədən 150-dən çox gənc qatılıb.
Gənclər və idman nazirinin müavini İndira Hacıyeva çıxışı zamanı Şuşanın rəmzi mənasından və gənclər paytaxtı seçilməsinin əhəmiyyətindən danışıb: "Torpaqlarımızın azad olunmasında gənclər iştirak ediblər və buna görə Şuşanın da, gənclərin də gələcəyi uğurlu olacaq".
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) rəhbərinin müşaviri Ziya Hacılı son illərdə ölkədə xeyli yeni iş yerləri açıldığını vurğulayıb: "Bu səbəbdən artıq sahibkarların üzərinə ciddi məsuliyyət düşür". O, neft gəlirlərinin uğurlu şəkildə qeyri-neft sektorunun inkişafına yönəldildiyini söyləyib.
İslam Ölkələri üzrə Statistika, İqtisadi və Sosial Araşdırmalar və Tədris Mərkəzinin (SESRIC) Statistika və İnformasiya Departamentinin direktoru vəzifəsini icra edən Atilla Karaman isə Şuşada keçirilən forumun uğurla nəticələnəcəyinə ümidvar olduğunu söyləyib. O, sosial sahibkarlığın əhəmiyyəti barədə danışaraq gəncləri daim bu istiqamətdə düşünməyə, həll variantları tapmağa çağırıb.
Sonra NexGen: Sosial İnnovasiya Forumu çərçivəsində iştirakçıları praktiki bacarıq və anlayışlarla ruhlandırmaq, təchiz etmək üçün nəzərdə tutulmuş üç saatlıq proqram baş tutub. Sosial sahibkarlıq mövzusunda seminar keçirilib. Mütəxəssislərin rəhbərliyi ilə keçirilən seminarda sahibkarlıq və sosial təsirin kəsişməsi araşdırılıb, iştirakçılara öz icmalarında müsbət dəyişikliklərin aparılması üçün məlumatlar verilib.
Sessiya sual-cavabla yekunlaşıb.