Minatəmizləmə fəaliyyəti ilə bağlı bir sıra qanunlara dəyişiklik edilib
Zeferinfo.az xəbər verir ki, bununla bağlı “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli qanununun icrası məqsədilə hazırlanmış dəyişikliklər paketi Prezident İlham Əliyev tərəfindən təsdiqlənib.
Dəyişikliklərə əsasən, Vergi Məcəlləsinə edilən düzəlişlərlə minatəmizləmə zamanı təhlükəli ərazilərin partlayıcı sursatlardan təmizlənməsi ilə bağlı anlayışlar dəqiqləşdirilib və terminologiya sadələşdirilib. Eyni zamanda, “Gömrük tarifi haqqında” qanunda da oxşar dəyişikliklər aparılıb.
Qanunvericiliyə edilən yeniliklərdən biri də minatəmizləmə fəaliyyəti nəticəsində zərərçəkmiş şəxslərin tibbi təminatı ilə bağlıdır. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna əlavə olunan yeni maddəyə əsasən, minatəmizləmə fəaliyyəti ilə əlaqədar zərərçəkmiş şəxslər dövlət səhiyyə müəssisələrində dövlət büdcəsi hesabına, müvafiq hallarda isə icbari tibbi sığorta vəsaitləri hesabına ixtisaslaşdırılmış tibbi yardımla təmin olunacaqlar.
Bununla yanaşı, tarix və mədəniyyət abidələrinin qorunması haqqında qanuna edilən dəyişikliklər minatəmizləmə fəaliyyətinin aparılması zamanı mədəni irsin mühafizəsini nəzərdə tutur. Abidələrin yerləşdiyi ərazilərdə minatəmizləmə işləri digər təsərrüfat və bərpa işləri ilə birlikdə qanunvericiliklə tənzimlənəcək.
“Heyvanlar aləmi haqqında” qanuna edilən dəyişikliklər isə minatəmizləmə prosesində heyvanlardan partlayıcı sursatların aşkarlanması məqsədilə, müvafiq standart əməliyyat prosedurlarına uyğun istifadə edilməsinə hüquqi əsas yaradır.
Eyni zamanda, psixoloji yardım, standartlaşdırma və Şuşa şəhərinin xüsusi statusu ilə bağlı qanunlarda da dəyişikliklər edilib. Yeni qaydalara əsasən, minatəmizləmə fəaliyyəti nəticəsində zərərçəkmiş şəxslərin psixoloji yardım alma hüquqları təsbit olunub, minatəmizləmə fəaliyyəti standartlaşdırma sahəsinə daxil edilib və Şuşa şəhərində aparılan bərpa, şəhərsalma işləri ilə yanaşı minatəmizləmə fəaliyyəti də qanunvericilikdə ayrıca qeyd olunub.