Şuşada "İƏT Ölkələri Gənclər Təşkilatları forumu"nun panel müzakirəsi keçirilib (FOTO)

Susada "IET Olkeleri Gencler Teskilatlari forumu"nun panel muzakiresi kecirilib (FOTO)

İslam dünyasının “Gənclər Paytaxtı”nın bağlanış mərasimi çərçivəsində Şuşada "İƏT Ölkələri Gənclər Təşkilatları forumu"nun panel müzakirəsi keçirilib.

Zeferinfo.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elşən Qəhrəmanov qonaqları salamlayıb.

O bildirib ki, keçirilən tədbirlər gənclərin inkişafına tövhə verəcək.

Daha sonra Azərbaycan Gənclər Təşkilatları Milli Assambleyasının (NAYORA) baş katibi Nərminə Hüseynzadə gənclərin və gənclər təşkilatlarının siyasətlə arasındakı əlaqədən söz açıb:

"Biz sosial mədəniyyətin mühərriki rolunu oynayırıq. Gənclər təşkilatları ilə siyasət arasında körpü qurmağa çalışırıq. Məqsədimiz gəncləri bacarıq və bilikləri paylaşmağa çağırmaqdır".

İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin baş direktoru Rafiq İsmayılov müsəlman dünyasında gənclərin rolunun artdığını qeyd edib:

"Gənclərin sosial dəyişiklik uğrunda ortaya qoyduğu öhdəliklər onların fəallığını göstərir. Gənclərin siyasi icma yarada bilməsi üçün biz onlara fürsət yaratmalıyıq".

Panel müzakirələr İndoneziya Milli Gənclər Şurası ICYF-nin (İslamic Coorperation Youth Forum) keçmiş vitse-prezidenti Tantan Taufik Lubis, Özbəkistan Könüllülər Assosiasiyasının nümayəndəsi Tulkinjonova Sarvinoz, İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin baş direktorunun müavini Ramin Həbibzadə və digər rəsmilərin sözügedən mövzu barədə çıxışları ilə davam edib.