Budəfəki Forumun açılışının məhz Xankəndidə keçirilməsi təkcə rəmzi məna daşımır. Bu, Azərbaycanın Qarabağda suverenliyini tam şəkildə bərpa etdiyini, burada yalnız ölkə qanunlarının keçərli olduğunu göstərən siyasi və hüquqi mesajı özündə ehtiva edir. Prezident İlham Əliyevin Xankəndidə beynəlxalq auditoriya qarşısında çıxışı isə bölgədə yeni mərhələnin başlandığını təsdiqləyir.
50-dən çox ölkədən 150-dən artıq media nümayəndəsi, çoxsaylı ekspert və strateji kommunikasiya mütəxəssislərinin bir araya gəldiyi Forumda müşahidə olunan bu coğrafi genişlik Azərbaycanın beynəlxalq informasiya gündəmində artan çəkisini təsdiqləyir. Bütün bunlar onu deməyə əsas verir ki, Şuşa təkcə mədəniyyətin deyil, həm də siyasi və informasiya diplomatiyasının yeni mərkəzinə çevrilməkdədir.
Forum diplomatiyanın ənənəvi qəliblərini dağıdır, beynəlxalq siyasət aktorlarının köhnəlmiş düşüncə və davranış qaydalarının artıq işə yaramadığını göstərir, siyasətdə əxlaq və məsuliyyətin önəmini təbliğ edir. Beynəlxalq siyasət təlimləri iddia edir ki, diplomatiya dili suallara aydın və birmənalı cavab verməyib sonradan yarana biləcək bütün siyasi vəziyyətlərdə manevrlər etmək imkanı saxlamalıdır.
“Realpolitik” prinsipləri siyasətdə əxlaqi dəyərlərin prioritet olmadığına inanır və diplomatiyanı az qala buqələmun obrazında təlqin etməyə çalışır. Əslində İkinci Dünya müharibəsindən sonrakı bütün dövrlərdə beynəlxalq siyasət məhz bu prinsiplər əsasında aparılıb. Beynəlxalq media da bu prinsiplərə uyğunlaşaraq qlobal güc mərkəzlərinin beynəlxalq səviyyədə apardığı oyunlarda təzyiq, təhdid və şər alətinə çevrilib. Şuşa Forumu belə köhnəlmiş təsəvvürlərdən imtina etməyin mümkünlüyünü göstərir, siyasətin cəmiyyət və media qarşısında açıq, aydın, birmənalı və səmimi olmaq örnəyini yaradır.
Məhz bu Forumda dünyanın müxtəlif bölgələrindən gəlmiş jurnalistlər heç bir mövzu tabusu və vaxt məhdudiyyəti olmadan onları düşündürən ən aktual məsələlərlə bağlı sualları Azərbaycan Prezidentinə ünvanlayaraq özündə heç bir sətiraltı məna gizlətməyən açıq və səmimi cavablar ala bilirlər.
Bu baxımdan, III Şuşa Qlobal Media Forumunda dövlət başçımızın media mənsublarına verdiyi cavablar Azərbaycan siyasətinin əsl mahiyyətini anlamaq üçün xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev bir qayda olaraq tədbir boyunca ona ünvanlanan sualların hamısına açıq və birmənalı cavablar verir.
“Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var. Təşkilatı daha yüksək pilləyə qaldırmaq üçün ortaq səylər lazımdır. Coğrafiyamız çox böyükdür, təbii sərvətlər, nəqliyyat yolları, gənc və artan əhali - bütün bu amillər təşkilatımızın potensialını əyani şəkildə göstərir. Biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzinə çevirməliyik”, - deyən dövlət başçımızın bu təşkilatın yaranmasını zəruri edən amillərdən başlayaraq onun gələcəyi haqqında düşüncələrini də media ilə bölüşməsi Türk dünyasında böyük rəğbətlə qarşılanmaqdadır.
Türk geopolitik regionunda yaşayan xalqların eyni sivilizasiya köklərinə mənsubluğu, bu ərazidə yaranmış müstəqil türk respublikalarının eyni tarixi dövlətçilik ənənələrinə malik olması kimi vacib amillər türk dövlətləri arasında inteqrasiya proseslərinə təbii hal kimi baxmağı tələb edir. Bununla yanaşı bu gün dünyada gedən qloballaşma Türk dövlətləri arasında inteqrasiya proseslərini nəinki mümkün, hətta zəruri edir. Burada formalaşmaqda olan Yeni Dünya Düzənində yer və söz sahibi ola bilmək niyyəti də həlledici amillərdən biridir. Bütün bunlar haqqında Prezident İlham Əliyev Qərb diplomatiyasının ənənəvi prinsiplərinə əməl edərək türk dövlətləri arasında mədəni-humanitar və ən uzağı iqtisadi-ticari əlaqələrin gücləndirilməsində maraqlı olduğumuzu deməklə kifayətlənə bilərdi.
Lakin dövlət başçımız Qərbli həmkarlarından fərqli olaraq beynəlxalq media qarşısında çox açıq danışdı. İlham Əliyev türk birliyinin güc mərkəzinə çevrilməli olduğunu bildirdi. Tək bu bəyanatın neçə qlobal güc sahibində qıcıq yarada biləcəyini və bu açıqlamadan sonra ölkəmizə qarşı hansı qarayaxma və sıxışdırma kampaniyalarının başlana biləcəyini təsəvvür etmək o qədər də çətin deyil. Amma Prezident İlham Əliyev Türk dövlətlərinin mübarizə əzminə və kənardan hər hansı təxribat cəhdlərinə qarşı onların müqavimət gücünə əmindir. Azərbaycan lideri öz siyasətinin gücünə və ədalətinə inanır, Yeni Dünya Düzənində etdiklərimizi və edəcəklərimizi heç kimdən gizlətmədən açıq söyləyir, beynəlxalq səviyyədə qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir. Şuşa Forumu bunu bir daha bütün dünyaya göstərdi.
Əsas mövzusu “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” olan beynəlxalq Forumda sürətlə dəyişən rəqəmsal mühitin və süni intellekt texnologiyalarının qlobal mediaya təsiri geniş şəkildə müzakirə olundu. Üç gün ərzində iştirakçılar dezinformasiyaya qarşı mübarizə, yeni texnologiyalardan düzgün istifadə, beynəlxalq əməkdaşlıq və etibarlı, şəffaf informasiya mühitinin qurulması kimi aktual məsələlər ətrafında fikir mübadiləsi apardılar. Forumun Azərbaycan Milli Mətbuat günü ilə eyni vaxta təsadüf etməsi isə tədbirin ölkənin media sahəsindəki inkişafa verdiyi önəmi daha da artırdı.
Forumun ən diqqətçəkən məqamlarından biri Prezident Əliyevə ünvanlanan Rusiya-Azərbaycan münasibətlərinə dair suallara verdiyi strateji cavabları onun yüksək diplomatik məharətini daha aydın nümayiş etdirməsi oldu. O, Ermənistanın mövqelərinə zidd olaraq, Rusiya ilə münasibətlərin balanslı, praqmatik və qarşılıqlı maraqlara əsaslandığını bəyan etdi. "Biz emosiyalarla yox, maraqlarla hərəkət edirik", - deyə dövlət başçısının vurğuladığı bu cümlə, qlobal oxucuya ünvanlanan dərin siyasi mesaj idi. Bu bəyanatlar göstərdi ki, forum media dayanıqlılığı mövzusunda təşkil olunsa da, eyni zamanda Azərbaycanın regional və beynəlxalq siyasət prioritetlərini ifadə etmək üçün mühüm bir platforma rolunu oynayır.
Forum çərçivəsində müzakirə olunan əsas mövzulardan biri də 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 iqlim konfransı və Azərbaycanın Yaşıl Keçid strategiyası oldu. Dövlət başçımızın bu istiqamətdə vurğuladığı məqamlar ölkəmizin ekoloji siyasətə verdiyi əhəmiyyətin, eyni zamanda media vasitəsilə bu dəyərlərin beynəlxalq səviyyədə təbliğinin vacibliyini ortaya qoydu.
Şuşa Qlobal Media Forumunun artıq ənənəvi xarakter alması, həmçinin Prezident İlham Əliyevin Forum çərçivəsində səsləndirdiyi strateji mesajların dünya mediasında geniş əks-səda doğurması Azərbaycanın beynəlxalq informasiya müstəvisində nüfuzunun daha da artdığını göstərir.
Rusiyanın “TASS”, “İnterfaks”, “Gazeta.ru” nəşri və “RİA Novosti” agentliyi, o cümlədən Estoniyanın “Business-M” xəbər portalı Prezident İlham Əliyevin ABŞ-la qarşılıqlı fəaliyyətə dair bəyanatını ön plana çıxarıb. O, Bakı ilə Vaşinqton arasında münasibətlərdə müsbət dinamikaya diqqət çəkib və qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin təşviqi istiqamətində göstərdiyi səylərə görə Donald Trampa təşəkkür edib.
ABŞ Prezidenti Donald Tramp “Truth Social” səhifəsində Azərbaycan dövlət başçısının ABŞ-la münasibətlər mövzusunda çıxışından fraqment paylaşıb. Prezident İlham Əliyevin ABŞ və Azərbaycan arasında tərəfdaşlıq, eləcə də Trampın həm qlobal, həm də regionda sülh gündəminə sadiqliyinə dair bəyanatlarını əks etdirən fikirləri beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunub.
Geniş oxucu kütləsinə malik “Reuters” agentliyi, İtaliyanın “Agenzia Nova”, İspaniyanın “Europapress”, “Democrata”, “Teleprensa”, “Upday” mətbuat orqanlarında dərc olunan materiallarda Prezident İlham Əliyevin Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirlərinə geniş yer ayrılıb. İspan mediası diqqətə çatdırıb ki, Azərbaycanın dövlət başçısı ölkəsinin Ermənistan ilə sülhə yaxın olduğunu bildirib, amma İrəvanın bu prosesdə daha konstruktiv rol oynamasının, eyni zamanda, kommunikasiyaların açılması istiqamətində müsbət addımlar atmasının zəruriliyini diqqətə çatdırıb.
Türkiyənin Anadolu xəbər agentlikləri, “TRTHaber”, NTV, “HaberGlobal”, “HaberTürk” telekanalları dövlətimizin başçısının çıxışından sitatlar gətirib, o cümlədən Ermənistan konstitusiyasına dəyişiklik edilməsi və Zəngəzur dəhlizinin açılması, İrəvanın özünü nəinki nəqliyyatda, hətta siyasi müstəvidə təcridə sürükləyən yanlış siyasəti ilə bağlı onun ifadə etdiyi fikirləri vurğulayıb.
Özbəkistanın “Zamin”, “Kun”, Qazaxıstanın “Kazinfo” rəsmi agentliyi, “Tengri”, “Orda”, “Ulısmedia” qəzetləri də Azərbaycan Prezidentinin çıxışına geniş yer ayırıb. Onların dərc etdiyi materiallarda Zəngəzur dəhlizinin açılması və bu kontekstdə Mərkəzi Asiya ölkələrinin, o cümlədən Türk dünyasının iqtisadi inkişafı üçün əlavə imkanların yaranacağı bildirilir.
Çinin "Sinxua" agentliyi, eləcə də “Sina”, “Finance.sina”, “Quança”, “163.com” və digər qəzet və portallarında dərc olunan məqalələrdə qeyd olunub ki, Prezident İlham Əliyev ümumvətəndaş pasportları ilə Çinə səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün viza rejiminin tamamilə aradan qaldırıldığı, Azərbaycanın isə bir il əvvəl Çin vətəndaşları üçün viza rejimini ləğv etdiyi barədə məlumat verib, bu addımın xalqlarımız, tələbələrimiz və iş adamlarımız arasında təmasların daha da intensivləşməsinə səbəb olacağını vurğulayıb.
Dünya mediasının gündəmində olan bu məsələrlə yanaşı Prezident İlham Əliyev eyni zamanda Forumdakı çıxışında bildirdi ki, texnologiyanın inkişafı jurnalistikanın yeni sərhədlərini müəyyənləşdirir. Medianın gələcəyi isə süni intellektlə insan amilinin harmoniyasında qurulmalıdır. Bu yanaşma, həm etik, həm də texnoloji baxımdan ciddi məsuliyyət tələb edir. Tədbir zamanı diqqət çəkən mühüm məsələlərdən biri də Zəngəzur dəhlizinə dair verilən sual və dövlət başçısının cavabı oldu. Dövlətimizin başçısı bu dəhlizin sadəcə nəqliyyat layihəsi deyil, regional sabitliyin, əməkdaşlığın və yeni iqtisadi marşrutların qovşağı olduğunu vurğuladı. Bu, Azərbaycanın geostrateji mövqeyini daha da möhkəmləndirən siyasi xəttin tərkib hissəsi kimi təqdim olundu. III Şuşa Qlobal Media Forumu bir daha sübut etdi ki, informasiya müharibələrinin getdiyi, reallığın tez-tez manipulyasiyaya məruz qaldığı bir dövrdə medianın missiyası dəyişir. Bu dəyişikliklər fonunda Azərbaycan öz sözünü demək, reallıqları çatdırmaq və qlobal media arxitekturasında fəal iştirakçı olmaq əzmini ortaya qoydu. Şuşada səslənən fikirlər, verilən cavablar və nümayiş etdirilən qlobal baxış təkcə Azərbaycanın yox, həm də qlobal medianın gələcəyinə işıq salır. Müasir dünyanın informasiya çağırışlarına cavab olaraq təşkil olunan "III Şuşa Qlobal Media Forumu" Azərbaycan diplomatiyasının və söz azadlığına verdiyi strateji önəmin bariz göstəricisidir. Azərbaycan artıq informasiya istehlakçısı yox, informasiya siyasəti formalaşdıran güclü tərəfdaşdır. Forum sübut etdi ki, Şuşa təkcə mədəniyyətin deyil, həm də diplomatik və informasiya siyasətinin yeni mərkəzinə çevrilir. Ən başlıcası isə Prezident İlham Əliyevin çıxışları, verilən cavablar və media nümayəndələrinin reaksiya və təhlilləri sübut etdi ki, Azərbaycan gələcəyin dünyasında yerini yalnız iqtisadi və hərbi gücü ilə deyil, həm də sözün, fikrin, informasiya ədalətinin yanında olaraq möhkəmləndirir.
Cavanşir Feyziyev, Milli Məclisin deputatı