STEAM İnnovasiya Mərkəzinə ekskursiya başlayıb
Paytaxt məktəblilərinin STEAM İnnovasiya Mərkəzinə ekskursiyalarına start verilib.
Ekskursiya çərçivəsində müxtəlif yaş kateqoriyasından olan məktəblilər yeni elmi məlumatları öyrənir, XXI əsr bacarıqlarını-kreativliyi, ünsiyyət və əməkdaşlığın inkişaf etdirilməsini, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə qabiliyyətlərini təkmilləşdirirlər.
STEAM İnnovasiya Mərkəzində məktəblilər aviasiya məkanı, klassik Nyuton, uşaqlar üçün Nyuton, konfrans, konstruksiya, “Heureka Classics” otaqları, robotların hazırlanması laboratoriyası, “3D hologram”, “Sfera üzərində elm”, VR zonaları ilə tanış olurlar. Mərkəzə gələn şagirdlər eksponatlar haqqında məlumatlandırılır, bələdçilərin köməyi ilə komandalara bölünərək oyunlar oynayır, əylənir və öyrənirlər. Həmçinin şagirdlər onlara verilən təlimatlar əsasında eksperimentlər icra edir, məktəbdə öyrəndiklərini mərkəzdə əyani şəkildə görmək imkanı qazanırlar.
Ekskursiya zamanı STEAM İnnovasiya Mərkəzinin yaradılmasının ölkəmizdə elm və təhsil sahəsində yeniliklərin tətbiqinə, təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsinə, gənc nəslin yeni ideyalarının reallaşdırılmasına göstərilən diqqətin təzahürü olduğu bildirilir. Həmçinin STEAM İnnovasiya Mərkəzinin əsas məqsədinin təhsilalanların potensialını və maraqlarını cəmiyyətə xidmət işinə yönəltməkdən, onları öyrənməyə həvəsləndirməkdən ibarət olduğu qeyd edilir