Sosial xidmətlərlə bağlı bir sıra dəyişikliklər edildi
Nazirlər Kabineti sosial xidmətlərlə bağlı bir sıra qərarlarda dəyişiklik edib.
Zeferinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
“Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrində yetkinlik yaşına çatmayanlara xidmət göstərilməsi Qaydası”nda “sosial xidmətə olan tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsi üzrə” sözləri "şəxslərə sosial-mədəni xidmətlərin göstərilməsi;” sözləri ilə əvəz edilib.
“Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”nda bir sıra bəndlər yeni redaksiyada verilib: “2.3. Sosial xidmətin göstərilməsi barədə müraciət Quruma, Mərkəzə və ya Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə daxil olduğu gündən 5 iş günü ərzində şəxsin (ailənin) sosial xidmətə olan tələbatının qiymətləndirilməsi və müəyyənləşdirilməsi üçün sosial işçiyə ünvanlanır.
2.4. Sosial işçi ərizənin ona təqdim edildiyi gündən 10 iş günü ərzində şəxsin (ailənin) sosial xidmətə olan tələbatının qiymətləndirilməsini və müəyyənləşdirilməsini həyata keçirir və sosial xidmətin formasını, növünü, sosial xidmətin göstərilməsi yeri və müddətini özündə əks etdirən hesabat hazırlayır.
2.5. Sosial işçi tərəfindən hesabatın təqdim edildiyi gündən 5 iş günü ərzində Qurum və ya Mərkəz tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına sosial xidmət göstərilməsi və ya sosial xidmət göstərilməsindən imtina edilməsi barədə qərar qəbul olunur və qərar 3 iş günü müddətində ərizəçiyə təqdim edilir (göndərilir). Sosial xidmət göstərilməsindən imtina barədə qərarda imtinanın səbəbləri göstərilməlidir. Ərizəyə əlavə olunan sənədlərin əsli müraciət edən şəxsə (ailəyə) qaytarılır.
2.6. Dövlət büdcəsinin vəsaiti hesabına sosial xidmət göstərilməsi barədə qərar qəbul edildiyi gündən şəxs (ailə) sosial xidmətə götürülür və 5 iş günü ərzində sosial işçi tərəfindən şəxsə (ailəyə) sosial xidmət göstərilməsinə dair fərdi plan hazırlanır”.