Şöbə müdiri: Nikahdan əvvəl tibbi müayinə gələcək ailənin sağlamlığı üçün vacibdir

Zeferinfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin transfuziologiya şöbəsinin müdiri Tünzalə Əhmədova deyib.
Onun sözlərinə görə, bəzən insanlar özləri də bilmədən irsi xəstəliklərin daşıyıcıları olurlar və hər iki tərəf eyni genin daşıyıcısı olduqda onların övladlarının da xəstəliyin ağır forması ilə doğulma ehtimalı yüksək olur:
“Məsələn, talassemiya kimi qan xəstəlikləri adətən gizli daşıyıcı formada olur və bu halda insanda heç bir şikayət görünməyə bilər. Amma hər iki tərəf eyni genin daşıyıcısı olduqda onların övladlarının da xəstəliyin ağır forması ilə doğulma ehtimalı yüksək olur. Qohum evliliklərində bu risk daha da artır, çünki eyni ailə genetik fonda oxşar mutasiyalara malik ola bilər. Nəticədə nadir xəstəliklərin belə iki tərəfdə eyni anda daşıyıcı olma ehtimalı yüksəlir. Tibbi müayinə və genetik analizlər evlilikdən əvvəl bu riski müəyyən etməyə, lazım gələrsə, həkim məsləhəti ilə sağlam nəsil planlaşdırmağa imkan verir”.
T.Əhmədova qeyd edib ki, nikahdan əvvəl müayinə sadəcə formal prosedur deyil, həm valideynlərin, həm də gələcək övladların sağlamlığı üçün məsuliyyətli seçimdir:
“Bu müayinələr sayəsində erkən diaqnoz qoymaq və zəruri tədbirlər görmək mümkündür. Nəticədə həm fərdi, həm də cəmiyyət sağlamlığı qorunur, gələcəkdə xəstəliklərin yayılmasının qarşısı alınır”.