Sentyabrdan Qarabağ Universitetinin Klinikası və Tibb fakültəsi fəaliyyətə başlayacaq

Sentyabrdan Qarabag Universitetinin Klinikasi ve Tibb fakultesi fealiyyete baslayacaq

Bu  il Qarabağ Universitetində tibb fakültəsi fəaliyyətə başlayacaq.

Zeferinfo.az xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev bu gün təşkil edilən brifinqdə deyib.

“Biz düşünürük ki, sentyabr ayında artıq Qarabağ Universitetinin klinikası və tibb fakültəsi istifadəyə veriləcək.

Hazırda universitetdə 1100 tələbə təhsil alır, növbəti mərhələdə isə 1500 tələbənin təhsili nəzərdə tutulur. Gələcək illərdə orada 10 -12 min tələbə olacaq”, - deyə o əlavə edib.

Qeyd edək ki, 2024/25-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub və qəbul planı 98,5 faiz dolub. Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla hüquqşünaslıq ixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyent universitetin elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib. Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 olub. Bundan əlavə, ilk tədris ilində Qarabağ Universitetində hüquqşünaslıq, xarici dil müəllimliyi (ingilis dili), maliyyə və mühasibat ixtisasları üzrə "SABAH" qrupları təşkil olunub.