Sentyabr konfransı: “Dəyirmi masa”larda müzakirələr

Sentyabr konfransi: “Deyirmi masa”larda muzakireler

Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı çərçivəsində “Dəyirmi masa”larda müzakirələr keçirilib.

Müzakirələrdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları iştirak ediblər.

“Dəyirmi masa”larda paytaxtın ümumi təhsil müəssisələrinin ötən tədris ili üzrə nəticələri, mövcud problemlər və onların həlli yolları, tədrisin keyfiyyətinin artırılması və məktəb idarəetməsi istiqamətində atılacaq addımlar müzakirə olunub. Həmçinin təhsilalanlara rəqəmsal biliklərin aşılanması, dərsə davamiyyətin yüksəldilməsi, inklüziv və fərdi yanaşmaların gücləndirilməsi, oxuyub-anlama və riyazi təfəkkürün inkişafı, təlim-tərbiyə prosesində valideynlərin rolunun artırılması və digər istiqamətlər üzrə söhbətlər aparılıb. 

Müzakirələr zamanı növbəti tədris ili üçün fəaliyyət planının hazırlanmasına dair təklif və tövsiyələr dinlənilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, konfrans sentyabrın 5-də işini davam etdirəcək. Müxtəlif peşəkar meyarlar əsasında seçilmiş fənn müəllimləri ilə keçiriləcək görüşlər panel müzakirələr formatında təşkil olunacaq, fəaliyyət planı və təkliflər paketi hazırlanacaq.