Sənaye gücü: Azərbaycan üçün strateji tərəfdaşlıq imkanları

Senaye gucu: Azerbaycan ucun strateji terefdasliq imkanlari

Sənaye gücü: Azərbaycan üçün strateji tərəfdaşlıq imkanları
Prezident İlham Əliyev: “Slovakiyanın uğurlu inkişafı bizi çox məmnun edir”
 2025-ci ilin 8 noyabr tarixində Azərbaycan Zəfər Gününün beşinci ildönümünü qeyd etdi. Bu tarixi mərasimdə Slovakiyanın yüksək səviyyədə təmsil olunması — Baş nazirin müavini və müdafiə nazirinin Bakıya səfər etməsi — iki ölkə arasındakı dostluğun rəmzi hesab olunur. Bu jest bir neçə mesaj Verdi. Slovakiya Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyini nümayiş etdirdi. İki ölkə arasındakı siyasi etimadın səviyyəsi daha da möhkəmləndi. Müdafiə sənayesi əməkdaşlığına siyasi dəstək verildiyi açıq şəkildə göstərildi. Prezident İlham Əliyevin 8 dekabr 2025-ci il Slovakiya səfəri zamanı mətbuata verdiyi bəyanatda dediyi kimi bu, Azərbaycanda xüsusi məmnuniyyət doğurdu və Slovakiya dövlətinə dərin minnətdarlıqla qarşılandı.
Azərbaycan–Slovakiya münasibətləri son illər ardıcıl şəkildə dərinləşir və təkcə iqtisadi, enerji və müdafiə sahələrini deyil, həm də siyasi dialoq müstəvisini əhatə edir. Prezident İlham Əliyevin Slovakiyaya səfəri zamanı səsləndirdiyi fikirlər iki ölkə arasında qarşılıqlı hörmətin və strateji etimadın yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi. Prezident İlham Əliyev çıxışında Slovakiyanın müasir inkişaf trayektoriyasını yüksək qiymətləndirdi: “Slovakiyanın uğurlu inkişafı bizi çox məmnun edir. Ölkənizdə sabitlik, iqtisadi inkişaf hökm sürür”. Bu qiymətləndirmə təsadüfi deyil. Slovakiya son illər sənaye istehsalını artıran, texnoloji modernləşməyə geniş yer verən, Avropanın mühüm istehsal mərkəzlərindən birinə çevrilən, makroiqtisadi sabitliyi qoruyan bir dövlət kimi beynəlxalq aləmdə ciddi etibar qazanıb. Xüsusən avtomobil sənayesi, elektrotexnika, müdafiə sənayesi və yüksək texnologiyalar sahəsində uğurlar Slovakiyanı Mərkəzi Avropanın aparıcı iqtisadi güclərindən birinə çevirib. Azərbaycan isə sənaye modernizasiyası və diversifikasiya siyasəti çərçivəsində Slovakiya təcrübəsini dəyərli nümunə kimi qiymətləndirir.
Dövlət başçısının vurğuladığı kimi, Slovakiya “çox güclü sənaye potensialına malikdir”. Bu potensial Azərbaycan–Slovakiya əməkdaşlığında çoxşaxəli perspektivlər açır: müdafiə sənayesi məhsullarının birgə istehsalı, yüksək texnologiyaların Azərbaycana transferi, müasir mühəndislik həllərinin birgə hazırlanması, sənaye mütəxəssislərinin təlimi və təcrübə mübadiləsi. Azərbaycanın geniş maliyyə imkanları və sənaye infrastrukturu Slovakiyanın texnoloji gücü ilə kəsişəndə hər iki ölkə üçün qlobal bazarlara çıxış imkanı yaranır. Bu sinerji artıq dövlət başçıları tərəfindən strateji əməkdaşlıq xətti kimi müəyyənləşdirilib.
Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlardan biri Slovakiyanın öz mövqeyini müstəqil şəkildə formalaşdırmasıdır: “Slovakiya müstəqil xarici siyasət aparır. Bəzi hallarda buna görə müəyyən çətinliklərlə də üzləşirsiniz. Ancaq bu, Sizi yolunuzdan döndərmir”. Bu sözlər Slovakiyanın siyasi kursuna Azərbaycanın yüksək qiymət verməsinin bariz nümunəsidir. Slovakiya beynəlxalq məsələlərdə prinsipial mövqe sərgiləyən, təzyiqlərə baxmayaraq öz qərarlarını müstəqil verən, regionumuzda real balanslaşdırılmış siyasəti ilə hörmət qazanan bir dövlət kimi qəbul edilir. Məhz bu müstəqil xarici siyasət xətti Slovakiya rəhbərliyinə Azərbaycan cəmiyyətində və siyasi elitasında rəğbət və hörmət qazandırır.
Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya barədə səsləndirdiyi fikirlər iki ölkə münasibətlərinin mahiyyətini dəqiq ifadə edir: qarşılıqlı hörmət, siyasi etimad, müstəqil qərarların dəstəklənməsi, iqtisadi və sənaye tərəfdaşlığına açıq perspektivlər. Azərbaycan və Slovakiya arasında formalaşan münasibət yalnız ikitərəfli əməkdaşlıq deyil, eyni zamanda müstəqil və balanslaşdırılmış xarici siyasətə əsaslanan modern diplomatiyanın uğurlu nümunəsidir.
Azərbaycan və Slovakiya arasında genişlənən əməkdaşlıq xəttində enerji, sənaye və müdafiə sahələri ilə yanaşı, nəqliyyat və bağlantılar sektoru da xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Slovakiyaya səfəri zamanı səsləndirdiyi fikirlər göstərdi ki, gələcək illər üçün bu sahə tərəflərin strateji gündəliyində ön sıralarda dayanacaq. Regional və qlobal nəqliyyat marşrutlarının kəsişdiyi bir zamanda Azərbaycan öz imkanlarını artırmağı hədəfləyir və bu prosesdə Slovakiya ilə əməkdaşlığı mühüm perspektiv kimi dəyərləndirir.
Prezident İlham Əliyevin sözlərinə görə: “Gələcək illərdə bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq biz öz imkanlarımızı genişləndirəcəyik.” Bu bəyanat Azərbaycanın uzunmüddətli nəqliyyat siyasətinin bir hissəsidir və iki əsas məqsədə xidmət edir. Azərbaycan son illərdə Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından birinə çevrilib. Liman, dəmir yolu, avtomobil yolu və hava nəqliyyatı infrastrukturlarının modernləşdirilməsi ölkənin logistika potensialını xeyli artırıb. Nəqliyyat infrastrukturuna qoyulan yeni investisiyalar Slovakiya kimi Avropa dövlətləri ilə yükdaşımaları, logistika və tranzit marşrutlarında yeni imkanlar yaradır. Bu isə həm regional, həm də Avropa bazarlarının bir-birinə daha sıx inteqrasiyasına şərait yaradır.
Prezident İlham Əliyevin mesajı açıqdır: nəqliyyat və bağlantılar sahəsi Azərbaycan–Slovakiya münasibətlərinin inkişafında vacib istiqamətlərdən biri olacaq. Azərbaycan bu sahəyə böyük investisiya qoymağa davam edir və bu prosesdə Slovakiya ilə tərəfdaşlıq iki ölkə arasındakı strateji xətti daha da gücləndirəcək. Geniş logistik imkanlar, müasir infrastruktur və strateji coğrafi mövqe Azərbaycanı Avrasiyada mühüm nəqliyyat qovşağına çevirir, Slovakiya isə bu marşrutların Avropada təbii tərəfdaşlarından biri olmaq potensialına malikdir.
 Azərbaycan və Slovakiya hökumətləri artıq bütün istiqamətlər üzrə zəruri təlimatlar alıblar. Bu isə qarşıdakı illərdə münasibətlərin dərinləşəcəyini göstərir. Gözlənilən sahələr bunlardır: müdafiə sənayesi məhsullarının birgə istehsalı, texnologiya transferi və AR-GE layihələri, hərbi-texniki təlim proqramları və təcrübə mübadiləsi, sənaye müəssisələrinin modernləşdirilməsi və Avropa standartlarına uyğun yeni istehsal xətlərinin Bakıda qurulması. Bu əməkdaşlıq yalnız hərbi sahə ilə məhdudlaşmır — həm Slovakiya, həm də Azərbaycan üçün yüksək texnologiyalar sektorunda yeni imkanlar açır.

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent