Şəmkirdə 7 nəfərin öldüyü qəzada hər iki nəqliyyat vasitəsinin buraxılış sənədləri olmayıb - RƏSMİ

Zeferinfo.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, 99-GO-705 dövlət qeydiyyat nişanlı "Mercedes-Bens" markalı “Sprinter” mikroavtobusu sifarişli sərnişindaşımanı fərqlənmə nişanı, daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmadan həyata keçirib.
Həmçinin, məlum olub ki, 20-DL-094 dövlət qeydiyyat nişanlı KAMAZ markalı yük nəqliyyat vasitəsinin də daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmayıb:
"Nəqliyyat vasitələri qanunvericiliyin tələblərinə uyğun olaraq reysqabağı texniki müayinə, sürücülər isə tibbi müayinədən keçməyib. Yol-nəqliyyat hadisəsinə səbəb olan amillərin təyin edilməsi üçün müvafiq araşdırmalara başlanılıb. Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır".
Qeyd edək ki, avqustun 7-də Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Şəmkir rayonu ərazisində Bakıdan Qazaxa hərəkət edən sərnişin mikroavtobusu yük maşını ilə toqquşub.