Səhiyyə Nazirliyi Tokioda keçirilən səhiyyə sisteminin idarə edilməsində müasir korporativ yanaşmalara dair təlimlərə qatılıb (FOTO)

Sehiyye Nazirliyi Tokioda kecirilen sehiyye sisteminin idare edilmesinde muasir korporativ yanasmalara dair telimlere qatilib (FOTO)

Yanvarın 13-dən fevralın 1-dək Tokio şəhərində Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) və Yaponiya Milli İctimai Səhiyyə İnstitutunun birgə təşkilatçılığı ilə “Səhiyyə sisteminin idarəedilməsi (Liderlik və İdarəçilik)” adlı Biliklərin Birgə Yaradılması təlim proqramı keçirilib.

Zeferinfo.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlim proqramının əsas məqsədi səhiyyə sahəsində olan çağırışlara idarəçilik perspektivindən baxış və sistematik qiymətləndirmə bacarıqlarının formalaşdırılması olub.

12 iştirakçı ölkədən səhiyyə sahəsində tənzimləyici qurumlarda çalışan, idarəçiliyin təşkili və siyasətin formalaşmasına cavabdeh olan əməkdaşların iştirak etdiyi təlim proqramında Azərbaycanı Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev təmsil edib. 

Proqram çərçivəsində səhiyyə sisteminin gücləndirilməsinə yönələn və müxtəlif aspektləri əhatə edən (universal səhiyyə əhatəsi, innovativ səhiyyə strategiyaları, tibb xidmətlərinin keyfiyyəti və maliyyələşdirilməsi, tibbi-sosial məsələlər, liderlik bacarıqları) mühazirələr dinlənilib, təlimlər təşkil olunub, habelə Yaponiya və iştirakçı ölkələrin təcrübəsi ilə tanış olmaq məqsədilə təcrübə mübadiləsi aparılıb.

Təlimin gedişatında iştirakçılar Yaponiyanın müxtəlif şəhərlərində fəaliyyət göstərən inzibati, tibbi və sosial müəssisələrin işi ilə yaxından tanış olublar.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.