Şəhidlərimizin xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq - FOTOLAR
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Vətən müharibəsi şəhidləri Qərib Baxşəliyev və Asiman Əliyevin anım tədbiri keçirilib.
Zeferinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyünün bərpa olunması, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Vətən Müharibəsi Qəhrəmanı, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi Anar Mirzəyev çıxış edərək İkinci Qarabağ müharibəsinin Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldığını bildirib. Xalqımız, Silahlı Qüvvələrimiz həmrəylik göstərərək möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək 44 günlük Vətən müharibəsində parlaq qələbə qazandı. Bu gün hər birimiz qürurluyuq. 30 il düşmən tapdağı altında qaldıqdan sonra azad olunan torpaqlarımızda bu gün Azərbaycanın şanlı Bayrağı dalğalanır. Qərib Baxşəliyev və Asiman Əliyev kimi şəhidlərimizin xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxışında bildirib ki, Vətən müharibəsinin başladığı ilk günlərdən Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qələbə qazanacağımıza tam əmin idi. Bu əminlik 44 gün davam edən savaşda özünü tamamilə doğrultdu. Azərbaycanın igid əsgər və zabitləri döyüş meydanında düşmənə layiqincə cavab verərək, onları doğma torpaqlarımızdan qovdular. Qısa zaman kəsiyində – 44 gün ərzində Qələbəyə nail olmaq hərb tarixində bir yenilikdir. Bu Qələbənin qazanılmasında Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi əsas rol oynadı. R.Quluyev qeyd edib ki, Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan bütün qəhrəman oğullarımız daim Azərbaycan xalqının qəlbində yaşayacaq, onların göstərdikləri qəhrəmanlıq isə tarixdə əbədi qalacaq.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, 2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun döyüş meydanında göstərdiyi şücaət və qəhrəmanlıq nəticəsində parlaq Qələbə qazandıq. Əlbəttə, bu tarixi Zəfər asan əldə edilmədi, şəhidlər verdik, xeyli sayda döyüşçülərimiz qazi oldular. Bu gün şəhidlərimizin Vətən uğrunda göstərdikləri fədakarlıqlar, onların torpaq sevgisi, döyüş yolu hər birimiz üçün bir örnəkdir. Şəhidlərimizin ruhuna hörmət və ehtiram hər birimizin vətəndaşlıq borcudur. Hər bir Azərbaycan vətəndaşı bundan sonra da bu ideyaları, irsi qorumalı, onlara sadiq qalmalı, gələcək nəsillərimiz bu amallarla böyüməlidirlər. Şəhidlərimizin valideynləri qürur hissi keçirə bilərlər ki, Vətənini, xalqını sevən belə cəsur övladlar böyüdüblər.
Şəhid Asiman Əliyevin atası Vaqif Əliyev çıxış edərək Azərbaycanın qazandığı möhtəşəm Zəfərdən, Asimanın həyat yolundan danışıb. Bildirib ki, Asiman, Qərib kimi qəhrəmanların həyat yolu gənc nəslə örnəkdir. Şəhidlərimizin xatirəsi kiçikdən böyüyə hər bir Azərbaycan vətəndaşının ürəyində əbədi yaşayacaq. Şəhidin atası göstərilən diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Şəhid Asiman Əliyevin yaxın dostu Rayət İmaməliyev çıxışında qeyd edib ki, şəhidlərimizin qəhrəmanlıqlarından, şərəfli döyüş yolundan saatlarla, günlərlə danışmaq olar. Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızın əziz xatirəsi əbədiyyətədək xalqımızın yaddaşında yaşayacaq, onların adları dövlətimiz tərəfindən daim uca tutulacaq və ehtiramla yad ediləcək.
Tədbirin sonunda şəhidlərimizlə bağlı hazırlanan video-rolik nümayiş olunub.