Şəhidlərə həsr edilmiş kitablar MEK-ə təqdim olunub
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında şəhid ailə üzvləri ilə görüş keçirilib, şəhidlərə həsr olunmuş nəşrlər kitabxanaya təqdim edilib.
Kitabxanadan Zeferinfo.az-a bildirilib ki, öncə Röksanə Səfərzadə rəhbəri olduğu fond haqqında ətraflı məlumat verib. 44 günlük Vətən müharibəsindən sonra dövlətin dəstəyi ilə MEK-də yaranan fondun əsas məqsədlərindən, fəaliyyətindən, eləcə də burada toplanan nəşrlərdən bəhs edib.
R.Səfərzadə bildirib ki, yarandığı gündən etibarən fondda şəhidlərin əziz xatirəsi daim anılır, ailə üzvlərinin, yazıçıların, ictimai xadimlərin iştirakı ilə tədbirlər keçirilir.
Dəyirmi masa ətrafında davam edən görüşdə MEK-in kitabxana xidməti üzrə direktor müavini, dosent Şəhla Quliyeva vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun xalqımıza yaşatdığı möhtəşəm Qələbədən sonra Vətən müharibəsi ilə bağlı yazılan kitabların sayı çoxalır. “Bu fondda da məhz Qarabağ, 44 günlük müharibə, eləcə də şəhidlərimizin hər biri haqqında zəngin informasiya qorunur, bu məlumatların zənginləşməsində isə şəhid ailə üzvlərinin əməyi əvəzsizdir”, - deyə direktor müavini qeyd edib.
Görüşdə iştirak edən “Zəfər” İnformasiya Mərkəzinin - zefer.info.az saytının redaktoru, Əməkdar müəllim, tədqiqatçı-jurnalist Zülfiyyə Vəliyeva xalqına layiqincə xidmət edən nəslin formalaşmasında, gənclər arasında vətənpərvərlik sahəsində maarifləndirmə işinin aparılmasında müəllimlik fəaliyyətinin əhəmiyyətindən bəhs edib. O, həmçinin MEK-ə təqdim etdiyi “Zəfərimiz mübarək” adlı kitabı haqqında ətraflı məlumat verib.
Daha sonra şəhid anaları Vətən, torpaq, böyük amallar uğrunda özlərini qurban verərək ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlayan igid oğullar haqqında xatirələrini bölüşüb, keçdikləri həyat yolundan bəhs ediblər. Şəhid ailə üzvləri şəhid kəşfiyyatçı İlqar Əhmədov və onun qardaşı Vüqar Əhmədova, şəhid Toğrul Hacıyevə, şəhid Rövşən İsmayılova, şəhid baş leytenant Cəmil Nəcəfova, şəhid Fəxrəddin Qubanlıya həsr olunmuş “İki oğulun acısı”, “Səhnədən səngərə”, “Şərəfli zabit ömrü”, “Sonunu düşünən qəhrəman olmaz”, “Xeyirxah insan” adlı kitabları, həmçinin şəhid Vüsal Məmmədov haqqında çəkilmiş sənədli filmi Mərkəzi Elmi Kitabxanaya təqdim ediblər.