Şəhid Xəyyam Əzizov
Xəyyam Əzizov 8 noyabr 1995-ci ildə Neftçala şəhərində fəhlə ailəsində dünyaya gəlib. 2 qardaş olmaqla ailədə 4 nəfər olublar. Uşaqlıq illərini doğulduğu Neftçala şəhərində keçirib. 2002-ci ildə Neftçala şəhər Mehman Səfərov adına İnteqrasiya təlimli İnternat tipli gimnaziya məktəbinin 1-ci sinfinə daxil olub və 2006-cı ildə ibtidai sinfini başa vurduqdan sonra Neftçala şəhər Humanitar Təmayüllü Muğan liseyində təhsilini davam etdirib.
2010-cu ildə 8-ci sinfi başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub. 2013-cü ildə liseyi bitirdikdən sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2017-ci ildə həmin məktəbi bakalavr diplomlu xüsusi təyinatlı kimi bitirib və "leytenant" hərbi rütbəsi verilib. Xəyyam öz istəyi ilə Xüsusi Təyinatlı Qüvvələrin kursunu keçərək zabit kimi xidmətinə qədəm qoyub. Leytenant Xəyyam xidməti dövründə bir neçə xarici ölkələrdə dağçılıq, xizəkçilik və paraşütçülük kurslarını yüksək göstəricilərlə başa vurur. 2020-ci ildə leytenant Xəyyam Əzizova baş leytenant hərbi rütbəsi verilir. Həmin il Rusiyanın Moskva şəhərində keçirilən qələbə paradında Azərbaycanı layiqincə təmsil edir. 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən II Qarabağ müharibəsində Xəyyam bir Xüsusi Təyinatlıların zabiti kimi iştirak edir. Füzuli, Cəbrayıl, Qubadlı və Şuşa uğrunda gedən ağır döyüşlərdə iştirak edir, böyük şücaətlər göstərir, düşmənə sarsıdıcı zərbələr endirir və xeyli sayda canlı qüvvəsini məhv edir. Qəhrəman Xəyyam döyüş yoldaşlarının ruh yüksəkliyini artırmaq üçün onlara şirniyyat paylayır. Ən son döyüş meydanı olan əlçatmaz Şuşa şəhərinin azad olunmasında əsl qəhrəmanlıq göstərir və özünün doğum günündə -08 noyabr 2020-ci il tarixində şəhadət şərbətini içərək Allahın ən uca məqamı olan şəhidlik məqamına ucalır. Şəhidin nəşi doğulub, boya-başa çatdığı Neftçala şəhərinə gətirilir və böyük izdihamla torpağa tapşırılır.
Azərbaycan Ordusunun baş leytenantı olan Xəyyam Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyyam Əzizov noyabrın 6 da döyüş tapşırığının yerinə yetirilməsi zamanı ayağından ağır yaralanmış lakin döyüş bölgəsindən təxliyə edilməsinə razı olmayaraq sona kimi mübarizəni davam etdirmişdir və noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Neftçala rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyyam Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Şəhidimiz, həmçinin ölümündən sonra prezident tərəfindən "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.