Sehid Valeh Bedelov

Şəhid Valeh Bədəlov

10 Oktyabr 1990
Ümumi məlumat

Bədəlov Valeh Vahid oğlu 10 oktyabr 1990-cı ildə Zaqatalanın Aşağı Tala kəndində anadan olub. Ailədə 3 uşaq olublar. 2 oğlan 1 qız. Qardaşı Taleh uşaq yaşlarında dünyasını dəyişib. Ailənin böyük uşağı Valeh olub. 1996-cı ilə Aşağı Tala kənd Ramiz Şabanov adına 3 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2007-ci ilin mayında məktəbi bitirib. 2007-ci ilin sentyabrında Qafqaz Universitetinin(indiki Bakı Mühəndislik Universiteti) filologiya fakultəsində təhsil almağa başlayıb. 2012-ci ildə Azərbaycan dili və Ədəbiyyat  ixtisası üzrə həmin Universiteti bitirib. 2013-cü ildə Azərbaycan ordu sıralarında hərbi xidmətini başa vursa da, Ali təhsilli olmasına baxmayaraq, Vətən eşqi qəhrəmanımızı səngərlərdə xidmətə səsləyib.

XTQ kurslarına əlavə olaraq, Türkiyədə Komando kurslarını da keçib.  Hərbi xidməti bitirdikdən sonra hərbiçi olaraq fəaliyyətini davam etdirən qəhrəmanımız XTQ Baş Leytenant Bədəlov Valeh  aprel döyüşlərində də şücaətlə iştirak edib. 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərində fəal iştirak edən igidimizin döyüş yolu Murovdan başlasa da, daha sonra  Cəbrayıl və Füzuli rayonlarına doğru irəliləyib. Lakin Füzulidə gedən döyüşlər zamanı 7 oktyabrda qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Valeh Bədəlov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" medalı ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Valeh Bədəlov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Valeh Bədəlov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Valeh Bədəlov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Valeh Bədəlov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Valeh Bədəlov ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Valeh Bədəlov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.