Şəhid Tərzan Həşimov
Tərzan Həşimov 13 aprel 1989-cu ildə Lerik rayonunun Bibihoni kəndində anadan olub.
O 2010-cu il mart ayının 6-da Müdafiə Nazirliyinin əmri ilə gizir hərbi rütbəsi almış və Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə motoatıcı taqım komandirinin müavini vəzifəsində xidmət etməyə başlayıb.
Şəhidimiz Rabitəçi Gizir rütbəsində xidmət göstərib. O düşmən dilini səlis şəkildə bilirdi. Döyüş yoldaşlarının sözlərinə görə bir neçə dəfə düşmənlə rabitəyə girərək texnikasını məhv edib.
Tərzan, 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak edib və həmin vaxt yaralanıb. O döyüş müddətində xüsusi iradə göstərmiş və neytral zonadan döyüş zamanı həlak ölan şəhidimizi çıxarıb.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Tərzan Həşimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün başlayan İkinci Qarabağ müharibəsində Cəbrayıl və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. O Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı şəhadətə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərzan Həşimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Tərzan Haşımov ölümündən sonra. həmçinin, "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.