Şəhid Sübhan Cəbrayılov
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Sübhan Rahim oğlu Cəbrayılov 23 oktyabr 1983-cü il Salyan rayonunun Marışlı kəndində anadan olub. Sübhan 1989-cu ildə Salyan rayonunda R.Qafarov adına Marışlı kənd tam orta məktəbinin birinci sinfinə getmiş, 2000-ci ildə oradan məzun olmuşdur.
Sübhan 2001-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. O, Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində, 2002-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlamışdır. Aprel döyüşlərində Sübhan Cəbrayılov, cəbhənin Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri olan Sübhan Cəbrayılov 2020-ci ilin sentyabrında başlayan Vətən Müharibəsində Suqovuşan, Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan və Qubadlının azad olunmasında iştirak edib. Ümumi olaraq 24 gün ərzində 30-dan çox yaşayış məntəqəsinin azad edilməsi uğrunda gedən döyüşlərin iştirakçısı Sübhan Cəbrayılov da daxil olduğu Xüsusi Təyinatlı Qüvvələrin 15 nəfər, həmçinin digər dəstələrin 30 nəfər hərbi qulluqçuları oktyabrın 19-da Qubadlı rayonu istiqamətində strateji əhəmiyyətə malik mövqelər uğrunda döyüşlərə qatılmışdır.
Zəngilanın azad edilməsindən sonra Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonu ərazisinə istiqamətlənmişdir. Ayın 18-də Qubadlı rayonu istiqamətində döyüşlər başlamışdır. Döyüşlər ərzində Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonunun 10-dan çox yaşayış məntəqəsinə daxil olmağa nail olmuşdur.
Sübhan Cəbrayılov və 40 nəfərdən ibarət olan qrup oktyabrın 19-da Laçın dəhlizinə nəzarəti ələ almaq üçün döyüşləri əvvəlcə Qubadlı rayonu uğrunda aparır. Qeyri-bərabər şəraitdə olan döyüşlərdə Ermənistan tərəfdən 150-200 hərbi qulluqçu döyüşür. 7 saatdan çox davam edən ağır döyüşlər nəticəsində Xüsusi Təyinatlı Qüvvələrdə Qrupun şəxsi heyətindən dörd nəfər-baş gizir Sübhan Cəbrayılov, baş gizir Camal İsmayılov, gizir Şəhriyar Quliyev və gizir Elyar Vəliyev həlak olurlar. Ümumi olaraq Sübhan Cəbrayılovun mənsub olduğu tabor müharibə zamanı Xüsusi Təyinatlı Qüvvələrin ən çox şəhid verən taborudur. "Cəbi" ləqəbi ilə tanınan baş gizir 19 oktyabrda Qubadlı uğrunda gedən şiddətli döyüşlərdə düşmən snayperinin gülləsinə tuş gələrək şəhid olur. Onun nəşi iki gün neytral ərazidə qalıb. Sübhan Cəbrayılov doğulduğu gün - 23 oktyabrda Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb. Sübhanın Rahim adında oğlu və Fidan adında qızı yadigar qalmışdır.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən Sübhan Cəbrayılova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir. Həmçinin, digər sərəncamlarla ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.