Şəhid Şəhriyar Quliyev
Şəhriyar Quliyev 1990-cı il mayın 25-də Ağdam rayonunun Cinli kəndində anadan anadan olub. 1997–2008-ci illərdə Sumqayıt şəhərində M. Füzuli adına 15 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. 2 oğlu yadigar qaldı.
Şəhriyar Quliyev 2008–2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. 2016-cı ilin 2–6 aprelində baş verən Aprel döyüşlərində savaşıb.
Azərbaycan Ordusunun giziri olan Şəhriyar Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.150-ə yaxın erməni əsgər və zabitini məhv edib. Məhv edilənlər arasında polkovnik də olub. Şəhriyar Quliyev oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhadətə yüksəlib. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Quliyev "Qarabağ" ordeni ilə təltif edildi.
Şəhidimiz, həmçinin, ölümündən sonra Dövlət başçımız tərəfindən "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.