Şəhid Şahin Qədirov
Şahin Qədirov 1990-cı il yanvarın 3-də Qaradağ rayonunun Çeyildağ qəsəbəsində anadan olub. 1996-2005-ci illərdə Siyavuş Muradov adına 224 nömrəli məktəbdə orta təhsil alıb. Ailəli idi, şəhidimizdən Bayram adlı övladı yadigar qalıb.
2008-ci ilin yanvar ayının 5-də Bakı şəhəri Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Bir müddət Azərbaycan Quru Qoşunlarında xidmət etdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirib. Şahin Qədirov adı çəkilən hərbi birləşmənin Yaşmada yerləşən "N" saylı hərbi hissəsində "gizir" rütbəsində xidmət edirdi.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlayıb. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Şahin Qədirov Xüsusi Təyinatlı Qüvvələrin giziri olaraq savaşıb. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilib.
Azərbaycan Ordusunun giziri olan Şahin Qədirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şahin Qədirov 5 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yeirnə yetirilməsi zamanı həlak olmuşdur. Qaradağ rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Qədirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Həmçinin. Şahin Qədirov ölümündən sonra prezidentimiz tərəfindən "Döyüşdə fərqlənməyə görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.