Sehid Penceli Teymurov

Şəhid Pəncəli Teymurov

24 Mart 1981
Ümumi məlumat

Pəncəli Teymurov 1981-ci ilin 24 mart günündə Astara rayonunun Əzərüd kəndində anadan olub. 1986-1998-ci illərdə Astara rayonu, B.Rüstəmov Asxanakəran tam orta məktəbində orta təhsil alıb. 1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnmiş və hərbi hissənin ən mahir kəşfiyyatçısı olub. Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edib. Pəncəli Teymurov 2013-cü il avqust ayında ailə həyatı qurub. Amma Pəncəli doğmalarının,elin,obanın şadyanalıq etdiyi toyda özünə bunları arzu etdi: " Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil.Amma mən sidq ürəklə deyirəm.Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan,qanımdan keçməyə hazıram.Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum,tabutum Azərbaycan Respublikasının üçrəngli,ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın"


Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində düşmənlə döyüşə girib və döyüş dostları- Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında və Talışda çoxlu sayda düşmənin məhv edilməsində şəxsi igidliyi ilə fərqlənmiş və 03 aprel 2016-cı il tarixdə son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhadətə yüksəlib.

Aprelin 11-i isə Pəncəli Teymurov doğulduğu Astara rayonunun Əzərüd kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və gizir Teymurov uğrunda şəhid olduğu torpağa tapşırılıb.

Hərbi tapşırıqları uğurla başa çatdırdığına görə müxtəlif döyüş mükafatları, medallarla təltif olunan Pəncəli ən böyük mükafatını 2015-ci ilin 24 iyununda alıb. 2015-ci ildə işğal altında olan Kəlbəcər rayonunda xüsusi əməliyyat zamanı Ermənistan ordusuna məxsus bir neçə hərbi texnika, ağır artirelliya və iyirmidən çox hərbçi məhv edilib. Bu əməliyyatda göstərdiyi yüksək bacarıq və peşəkarlığı, cəngavərliyi, nümunəvi xidməti nəzərə alınaraq komandanlığın təqdimatına əsasən ölkə Prezidentinin Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunub.

Aprel döyüşlərindəki misilsiz şücaətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə şəhid gizir Pəncəli Nurməmməd oğlu Teymurov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Qeyd edək ki, 2020-ci ildə çəkilmiş "Anamın kitabı" serialının bir səhnəsində şəhidin xatirəsi yad edilib.

Şəhidimiz haqqında maraqlı faktlar:

Pəncəli 11 yaşında, 1992-ci ildə baş vermiş Xocalı soyqırımının kadrlarını izləyəndə hərbçi olacağına və düşməndən intiqam alacağına söz vermişdi.

O, illər sonra sözünü tutur. Xocalı faciəsi zamanı azərbaycanlıları öldürən erməni hərbçi general rütbəsi almağa gedərkən Pəncəli Teymurov onu izləyir və əlverişli məqamda məhv edir. Bu olay erməni ordusunu lərzəyə salır, böyük çaxnaşma yaradır.

Pəncəlinin qəhrəmanlığı bununla da bitmir. 2015-ci ildə kəşfiyyat qrupu ilə Kəlbəcərə keçən Pəncəli 4 erməni zabirin və 20 əsgərin olduğu “Ural” markalı maşını partladaraq onların hamısını məhv edir.

Bu qəhrəmanlıqlardan sonra ermənilər igidimizin başına bir milyard dram qoyurlar, lakin nə qədər cəhd etsələr də, onu ələ keçirə bilmirlər.

Hətta bir dəfə erməni hərbçiləri Pəncəlini tutmaq üçün pusquya salırlar, o isə 21 gündən sora pusqudan çıxaraq növbəti dəfə düşməni şoka salır.