Şəhid Nadir Bədəlov
Nadir Ərşad oğlu Bədəlov 18 iyun 1967-ci ildə Qubadlı rayonunda doğulub. Orta məktəbi 1984-cü ildə bitirib, həmin ildə də Azərbaycan Politexnik İnstitutuna daxil olub. Birinci kursu qurtardıqdan sonra 1985-1987-ci illərdə Almaniyada hərbi xidmət göstərib. Təhsilini bitirdikdən sonra, 1991-ci ildə Azərelektroterm zavodunda mühəndis kimi iş fəaliyyətinə başlayıb.
Vətən sevgisi qəhrəmanımızı məcbur edib ki, könüllü ərizə yazaraq müharibəyə getsin. Döyüş yolu Ağdərədən başlayıb. Bakıdakı hərbi hissəyə tabe olduğundan, tez-tez döyüş istiqamətləri dəyişirdi. Son ezam olunduğu döyüş bölgəsi Qubadlı-Laçın istiqamətində olub.
Nadir artilleriyaçı, topçu taqım komandiri idi. Laçının işğalından sonra Qubadlı rayonunda vəziyyət çox ağır idi. Avqust, 1993-cü il, sərhəd boyu ağır döyüşlər gedirdi. Rayonda elektrik kəsilmişdi, demək olar ki, əlaqələr yox idi, rayon iflic vəziyyətində idi. Alazan raketləri yağış kimi kəndlərə yağırdı. Rayonda Xocalı müsibəti yaşanmasın deyə qadın-uşağı, qız - gəlini rayondan çıxartmaq lazım idi. İgidimiz əsgərlərini ucqar dağ kəndlərində olan qadınları, balacaları, qocaları çıxartmaq əmri verib, özü isə az sayli əsgərlə döyüşüb, bu zaman ratsiya ilə rəhmətlik milli qəhrəman Əliyar Əliyevin batalyon komandiri Sadiq Paşayevlə danışığı olub. Sadiq Paşayev Nadirə bildirib ki, onlar ermənilərin mühasirəsindədirlər. Nadir onlara söyləyib: "Möhkəm dayanın, sizi mühasirədən çıxaracam. Hərbiçilər yaxşı bilir topçuların mövqeyini". Amma qəhrəmanımız özünü düşünmədən tankla ermənilərin üstünə gedib, qalxır dağın yüksəkliyinə, ermənilərin bütün diqqətin öz üzərinə çəkməyi bacarıb və üzbəüz onlarla vuruşub.
Sonralar Nadirin əsgəri Asif ağlayaraq danışıb: "Komandirə yalvarırdım tankın içində otursun, amma o tankın üstündə açıq döyüşürdü. Ermənilərin snayperi ilə Nadir ürəyindən vuruldu. Qəhrəmancasına şəhid oldu".
Allah rəhmət eləsin!