Sehid Mehrab Nifteliyev

Şəhid Mehrab Niftəliyev

13 May 1985
Ümumi məlumat

Niftəliyev Mehrab Söhrab oğlu 1985-ci il mayın 13-də Quba rayonunun Qam Qam kəndində anadan olub.

1992-2003-cü illərdə Quba rayon Mübariz Abdullayev adına Qam Qam kənd orta məktəbində orta təhsil alıb. 2003-cü ilin iyulunda müddətli hərbi xidmətə yollanıb. Elə hərbi xidmətdə olarkən Xüsusi Təyinatlı Qüvvələrin kursundan keçən Mehrab ümumilikdə 2005-ci ildən 2020-ci ilə qədər Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü kimi Vətənə xidmət edib. O, Xüsusi Təyinatlı Qüvvələrin baş giziri idi. “Qafqaz qartalı” və EFES kimi çətin hərbi təlimləri uğurla tamamlayaraq kəşfiyyatçı-istehkamçı kimi ixtisaslaşmışdı.


Xidməti dövründə müxtəlif hərbi əməliyyatlarda uğurla iştirak edib. Mehrab Niftəliyev 2016-cı il Aprel döyüşlərində də yüksək şücaət göstərib. Qüsursuz xidmətlərinə və şücaətlərinə görə dəfələrlə medal və diplomlarla təltif olunub. Vətən müharibəsinin ilk günündən ön cəbhədə olan Mehrab Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd - xüsusilə Hadrut qəsəbəsi, Şuşa uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq nümunələri göstərib. O, düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib və texnikalarını sıradan çıxarıb, hərbi qənimət kimi ələ keçirib. Döyüşlər zamanı yaralı və şəhid hərbi qulluqçuları savaş meydanından çıxarmaqla yanaşı, yaralı silahdaşlarına tibbi yardım da göstərib.

Xüsusilə vurğulayaq ki, Mehrab aprel döyüşlərindən sonra Qamqam kəndinə su çəkdirib. Vətən müharibəsindən əvvəl ailə üzvlərinə kənddə məscid tikdirmək arzusunda olduğunu deyib. Lakin ömrü bu arzusunun gerçəkləşməsi üçün vəfa etməyib.

O, noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlərdə artilleriya qəlpəsi yarası alıb. Noyabrın 8-də isə şəhadətə yüksəlib. Noyabrın 11-də Sumqayıt Şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, o cümlədən “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Həmişə üstündə bayraq gəzdirən kəşfiyyatçımız  Cəbrayılda bayrağı ilə düşmən hərbi hissələrinə ilk girənlərdən biri  olub.