Şəhid Kərim Əliyev
Kərim Əliyev 1998-ci il avqustun 31-də Ucar rayonun Alpout kəndində anadan olub. 2004–2015-ci illərdə Alpout kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Şəhidimiz 2016–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Orduda kiçik giziri olan Kərim Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması üçün başlayan Vətən müharibəsində Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 19-da Qubadlı döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərim Əliyev ölümündən sonra "Vətən uğrunda medalı" ilə təltif edilib.
Qəhrəmanımız prezidentimiz tərəfindən, həmçinin, "Cəbrayılın azad olunmasına görə", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.