Şəhid kapitan Mühüd Orucov
Kapitan Orucov Mühüd Qurban oğlu 1984-cü il iyul ayının 13-də Qazax rayonunun Fərəhli kəndində doğulub.
O, 1991-ci ildə K.Kərimov adına orta məktəbin 1-ci sinifinə daxil olub. 1999-cu ildə C.Naxçıvanski adına hərbi liseyə daxil olub və 2002-ci ilədək təhsilini həmin liseydə davam etdirib. 2002-ci ildə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2006-cı ildə həmin məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirib.
Mühüd ailəli idi, Anar və Vüqar adlarında əkiz oğlanları yadigar qalıb.
2006–2007-ci ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit ixtisası kursunu bitirib. 2007-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qərarı ilə "N" saylı hərbi hissədə kəşfiyyat bölüyünün kəşfiyyat taqım komandiri vəzifəsinə təyin edilib. Elə həmin ildə öz arzusu ilə Xüsusi Təyinatlı Qüvvələr kursunu keçmək üçün ezam olunub və kursu müvəffəqiyyətlə bitirib. Qısa zaman ərzində Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat tabor komandiri vəzifəsinədək yüksəlib. 2014-cü ilin avqust ayında uğurlu əməliyyatdan sonra Prezident İ.Əliyev M.Orucovla görüş zamanı ona xatirə olaraq saat bağışlayıb.
İştirak etdiyi məxfi əməliyyatlardan həmişə uğurla qayıtmış, onun sayəsində bir neçə düşmən təxribatının qarşısı vaxtında alınmışdır. Döyüş yoldaşları onu "Mixaylo" adlandırırdı. Son döyüşü 2016-cı ilin aprel döyüşlərində oldu.
Kapitan Mühüd Orucov 2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Talış yüksəkliyi uğrunda gedən qızğın döyüşlər zamanı düşmənin atdığı tank mərmisinnin partlaması nəticəsində qəhrəmancasına şəhid oldu. Aprelin 9-u Mühüd Orucov doğulduğu Qazax rayonunun Fərəhli kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və kapitan Orucov uğrunda şəhid olduğu torpağa tapşırılıb.
Mühüd Orucov dəfələrlə Azərbaycanı xaricdə uğurla təmsil etmiş, fəxri diplomlara və sertfikatlara layiq görülmüşdür. M.Orucov zabit kimi xidməti dövründə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" (1918–2008) yubileyi, "Qüsursuz xidmətə görə" III dərəcəli, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" (1918–2013) yubileyi, "Hərbi xidmətdə fərqlənməyə görə" II dərəcəli medallarla təltif edilmişdir. Kapitan Mühüd Orucov xidməti dövründə Azərbaycan Silahlı Qüvvələrin Ali Baş komandanı və Müdafiə Naziri tərəfindən dəfələrlə təltif olunub. Şəhid kapitan Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.