Sehid Kamil Sirinov

Şəhid Kamil Şirinov

09 Aprel 1991
Ümumi məlumat
44 günlük şanlı Vətən müharibəsində qəhrəmancasına döyüşərək xalqımıza Zəfər sevinci yaşadan igidlərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Kamil Şirinov olub. O, 2020-ci ilin sentyabrın 29-da Füzuli istiqamətində əməliyyat zamanı şəhidlik zirvəsinə yüksəlib.
 
Kamil 1991-ci ilin aprelin 9-da Salyan rayonunun Çuxarlı kəndində hərbçi ailəsində dünyaya göz açıb. İki yaşına qədər ailəsi Rusiyada yaşayıb. Birinci Qarabağ müharibəsində atası torpaqlarımızın azadlığı uğrunda vuruşmaq üçün Azərbaycana qayıdıb. Ondan sonra ailə Vətənə gəlib. Onun qardaşı, əmiləri, əmisinin və bibisinin oğlanları da hərbçidirlər. Kamil ailəli olub, ondan yadigar iki övladı var.

Şəhidimiz 2006-cı ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olunub və 2009-cu ildə oranı bitirdikdən sonra yüksək balla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2013-cü ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edirdi. Qrup komandiri idi, Aprel döyüşlərində də iştirak etmişdi. Uğurlu döyüşçü kimi Prezident tərəfindən “Fərqlənmə medalı” ilə mükafatlandırılıb.

Türkiyədə və digər ölkələrdə təlimlərdə iştirak edib. Sonuncu dəfə Pakistanda 3 aylıq anti-terror təlimlərinə qatılmışdı. Erməni, rus və ingilis dillərini bilirdi.
 
Şəhid Kamil Şirinov Azərbaycan Respublikası prezidenti tərəfindən "Qarabağ" ordeni, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.