Sehid Hemid Abbasbeyli

Şəhid Həmid Abbasbəyli

17 Noyabr 1991
Ümumi məlumat
Abbasbəyli Həmid Cavanşir oğlu 17 noyabr 1991-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Hər zaman müəllimlərinin sevimlisi olan Həmid ilk təhsilini Binəqədi rayonu, Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə alıb. Məktəbi uğurla bitirərək təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirib. Liseyi müvəffəqiyyətlə başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərb sənətinin dərinliklərinə yiyələnib. Dörd xarici dil biliyinə malik və idmana xüsusi marağı olan Həmid dəfələrdə medallarla təltif edilib.
 
Baş leytenant Abbasbəyli ali təhsilini başa vurduqdan sonra cəbhə bölgəsində Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan bölükdə tağım komandiri vəzifəsində xidmət edib və Aprel döyüşlərinin iştirakçısı olub. Ardınca, Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrində baş leytenant rütbəsində hərbi fəaliyyətini davam etdirib. 2016-2017-ci illərdə Türkiyədə, 2017–2018-ci illərdə isə Çində xüsusi təlim kurslarını birinciliklə başa vurub.

Həmid Abbasbəyli Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında təntənəli hərbi paradda Xüsüsi Təyinatlı Qüvvələrin tərkibində çıxış edib. 2020-ci il iyun ayının 24-də Moskva şəhərində Qırmızı meydanda keçirilən Böyük Vətən Müharibəsində Qələbənin 75-ci illiyinə həsr edilmiş irimiqyaslı paradda 75 hərbçi ilə Azərbaycan Ordusunu təmsil edib, “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” medalı ilə təltif edilib.

Şəhidimiz Vətən müharibəsi başladığı gündən etibarən düşmənlə mübarizəyə qatılıb. Döyüşlər zamanı minaya düşərək ayağından yaralanmasına baxmayaraq ilkin tibbi yardımdan sonra döyüşə davam edib. Füzuli, Cəbrayıl, Zəngilan şəhərləri, Hadrut qəsəbəsi, Ərgünəş və Laçın dəhlizinə nəzarət edən yüksəkliklərin işğaldan azad olunmasında böyük şücaət göstərib.

Abbasbəyli Həmid oktyabrın 19-dan 20-nə keçən gecə Laçın cəbhəsində gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Şəhidin nəşi 24 oktyabr tarixində əvvəlcə Xətai rayonuna gətirilib, burada böyük izdihamla qarşılanıb, daha sonra avtomobil karvanının müşayiəti ilə İkinci Fəxri Xiyabana aparılaraq yaylım atəşi ilə təntənəli şəkildə Xətai Rayonu İcra Hakimiyyətinin, Xüsusi Təyinatlı Qüvvələrin və Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakı ilə torpağa tapşırılıb.

Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiyinə, xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərdlik və qətiyyət nümayiş etdirdiyinə, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə Həmid Abbasbəyli Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq "Qarabağ" ordeni ilə təltif edilib.
 
Həmid Abbasbəyli ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Həmçinin, ölkə başçısının digər Sərəncamlarına əsasən şəhidimiz ölümündən sonra "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə də təltif edilib.