Şəhid Fərid Əhmədov
Şəhid zabit Fərid Əhmədov 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda dünyaya gəlib.
2003-cü ildə Cəlilabad şəhərində Nizami adına 1 saylı orta məktəbi bitirib. Həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi daxil olub və 2007-ci ildə oranı leytenant rütbəsi ilə bitirib. 2007–2008-ci illərdə Təlim-Tədris Mərkəzində təkmilləşdirmə kursu keçib. 2008–2009-cu illərdə Gəncədə zabit kimi hərbi xidmətdə olub.
Qəhrəmanımız 2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhadətə ucalıb. Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb.
2010-cu il noyabrın 7-də Prezident İlham Əliyev baş leytenant Fərid Güloğlan oğlu Əhmədovun "İgidliyə görə" medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, şəhidimiz bu medala hərbi borcunu həyatı təhlükə altında yerinə yetirərkən igidlik göstərdiyinə görə layiq görülüb. 2014-cü ilin yanvar ayında şəhid F. Əhmədovun ömür yoluna həsr olunmuş "Hay ver mənə, leytenant" filminin təqdimat mərasimi keçirilib.