Şəhid Elyar Vəliyev
Elyar Vəliyev 1991-ci il oktyabrın 17-də Qobustan rayonunun Sədəfli kəndində dünyaya gəlib.
Azərbaycan Ordusunun giziri Elyar 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elyar Vəliyev oktyabrın 19-da Qubadlının azad edilməsi zamanı şəhid olub.
Şəhidimiz və 40 nəfərdən ibarət olan qrup oktyabrın 19-da Laçın dəhlizinə nəzarəti ələ almaq üçün ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olmuşdular. Döyüşlər əvvəlcə Qubadlı rayonu istiqamətində olan əlverişli mövqelər uğrunda aparılmışdır. Qeyri-bərabər şəraitdə olan döyüşlərdə Ermənistan tərəfdən ~150–200 hərbi qulluqçusu döyüşmüşdür. 7 saatdan çox davam edən ağır döyüşlər nəticəsində Xüsusi Təyinatlı Qüvvələrdə Qrupun şəxsi heyətindən dörd nəfər — baş gizir Sübhan Cəbrayılov, baş gizir Camal İsmayılov, gizir Şəhriyar Quliyev və gizir Elyar Vəliyev həlak olmuşdur. Ümumi olaraq Elyar Vəliyevin mənsub olduğu tabor müharibə zamanı Xüsusi Təyinatlı Qüvvələrin ən çox şəhid verən taborudur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyar Vəliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyar Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Elyar Vəliyev ölümündən sonra prezidentimiz tərəfindən "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.