Sehid Elcin Ismayilov

Şəhid Elçin İsmayılov

30 May 1989
Ümumi məlumat

Elçin İsmayılov 1989-cu il mayın 30-da Ucar şəhərində anadan olub. 1995-2006-cı illərdə həmin şəhəri 1 nömrəli tam orta məktəbində təhsil alıb. O, Ali hərbi təhsilini 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ( AAHM) "Motoatıcı Taqım Komandiri" ixtisası üzrə alıb. 2010-2011-ci illərdə isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) təlimlərdə olub.

Şəhidimiz ailəli idi, 2 oğlu yadigar qalıb.

Elçin İsmayılov 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində Motoatıcı Taborun Taqım Komandiri vəzifəsində xidmət edib. Həmin hərbi hissədə bir müddət xidmət etdikdən sonra isə Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb. Xüsusi Təyintalı Qüvvələrin seçim mərhələsində 300 nəfərdən 20 nəfəri mərhələni uğurla başa vurub. Həmin 20 nəfərdən biri də Elçin İsmayılov olub. Həmin heyətdə dəfələrlə xarici dövlətlərdə hərbi təlimlərə qatılıb.

2012-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində Qrup Komandirinin müavini vəzifəsində xidmət edən Elçin İsmayılov, 2014-cü ildən həmin hərbi hissədə Xüsusi Əməliyyat Taborunun Komandiri vəzifəsində xidmət göstərib.

Elçin İsmayılov 2015-ci ilin fevral ayında Qazax və Ağstava istiqamətində olan döyüşlərdə, həmçinin 2016-cı ilin 2-5 aprelində baş vermiş döyüşlərdə savaşıb.

Azərbaycan Ordusunun kapitanı olan Elçin İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlayan Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Füzuli və Cəbrayılın azadlığı uğrunda igidliklə döyüşüb. Oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad ediləndə, ora Azərbaycan bayrağını sancanlardan biri Elçin İsmayılov idi. O oktyabrın 7-də Füzuli döyüşləri zamanı şəhid olub, Ucar şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

O, həmçinin, "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.