Sehid Bextiyar Islamov

Şəhid Bəxtiyar İslamov

11 İyun 1997
Ümumi məlumat

Bəxtiyar Saleh oğlu İslamov 1997-ci il iyunun 11-də Şirvan şəhərində anadan olub. O Şirvan şəhər 4 nömrəli tam orta məktəbdə oxuyub. 2012-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə, 2015-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbinə qəbul olunub. Ali Hərbi Məktəbini uğurla bitirdikdən sonra leytenant Bəxtiyar İslamov N saylı hərbi hissədə xidmətini davam etdirib. 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib.

 

Azərbaycan Ordusunun leytenantı olan Bəxtiyar 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması üçün başladılan Vətən müharibəsi zamanı Cəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bəxtiyar İslamov oktyabrın 12-də Xocavənd döyüşləri zamanı Hadrut istiqamətində şəhid olub və Şirvan şəhərində dəfn edilib.

 

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına şəhid olan Bəxtiyar İslamovun doğum günü münasibətilə Şirvan şəhərində yaşadığı məhəllədə adına xatirə bulağı inşa edilib.

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar İslamov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar İslamov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə də təltif edilib.