Şəhid Rəşad Babayev
Rəşad Babayev 1992-ci il iyunun 4-də Bakı şəhərində anadan olub.
1998-ci ildə Bakı şəhəri Nizami rayonu R. Orucova adına 109 nömrəli orta məktəbin 1-ci sinfinə gedib.
2006-cı ilə qədər həmin məktəbdə təhsil alıb. 2006-cı ildə 277 nömrəli idman təmayüllü məktəbin 9-cu sinfinə daxil olmuşdur. 2009-cu ildə həmin məktəbi bitirib. Həmin məktəbdə 8 yaşından Cüdo idman növü ilə məşğul olub. Yüksək nəticələr əldə etmiş 20-dən çox qızıl, gümüş və bürünc medallara layiq görülüb. 2013-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olub. 2017-ci ildə ailə həyatı qurub.
Təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılıb. Müddətdən artıq hərbi xidmətdə olmuş, Azərbaycan ordusunun Xüsusi Təyinatlı Qüvvələrinə qəbul kurslarından keçmiş və xidmətini burada davam etdirməsi üçün seçilib. 2014-cü ildə Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətə başlamışdır. 25 iyul 2014-cü ildə N saylı hərbi hissədə "kiçik gizir" rütbəsində, 24 noyabr 2017-ci ildə N saylı hərbi hissədə "gizir" rütbəsində xidmətini davam etdirib. O, həmçinin xüsusi təyinatlı taborun xüsusi təyinatlı dəstəsinin xüsusi təyinatlı qrupunun snayperçisi, xüsusi təyinatlı manqa komandiri, xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı vəzifələrində xidmət edib.
2016-cı ildə Türkiyənin İzmir şəhərində keçirilən "EFES-2016" beynəlxalq təlimlərinin fəal iştirakçısı olmuş, sertifikat ilə təltif olunmuşdur. 2017-ci ildə 30 aprel – N saylı hərbi hissənin yaranmasının 18-ci ildönümü münasibəti ilə döyüş hazırlığında yüksək nailiyyətlər əldə etdiyinə və nizam-intizamı ilə seçildiyinə görə hərbi hissənin komandiri tərəfindən fəxri fərman ilə təltif olunub. 28 fevral 2020-ci ildə xidmətdə olduğu N saylı hərbi hissədə keçirilmiş "Cüdo, yunan-roma və sərbəst güləş yarışı"nda yüksək nəticələr əldə etdiyinə görə fəxri fərman ilə təltif olunub. 25–28 fevral 2020-ci il tarixlərində cüdo üzrə keçirilmiş yarışda 1-ci yerə layiq görülmüş və fəxri fərmanla təltif edilib. Rəşad Babayev "Qüsursuz xidmətə görə" III dərəcəli medalı, "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif olunub.
İkinci Qarabağ müharibəsində iştirakı
Azərbaycan Ordusunun giziri olan Rəşad Ağabəy oğlu Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zaman Kəlbəcərin, Cəbrayılın, Füzulinin, və Xocavəndin yaşayış məntəqələrinin, habelə Murovdağ zirvəsinin və Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək şücaət göstərib. Rəşad Babayev 10 oktyabr 2020-ci ildə Hadrut qəsəbəsi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Şəhidimiz, həmçinin, ölümündən sonra prezidentimiz tərəfindən "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.