Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə hökm oxunub
Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Zeferinfo.az xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son söz deyib. Onlar son sözlərində baş verənlərə görə Azərbaycan xalqından üzr istəyiblər.
Daha sonra hökm oxunub. Hökmə əsasən, Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib. Onlar cəzalarını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkəcəklər. Təqsirləndirilən şəxslər cəzalarını çəkdikdən sonra ölkə ərazisindən məcburi şəkildə çıxarılacaqlar.
Qeyd edək ki, prokuror hər üç təqsirləndirilənin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Xatırladaq ki, bu il avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.
Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.