Şəhid Məzahir Kərimov Xaçmazda dəfn olundu - GÖRÜNTÜLƏR

Sehid Mezahir Kerimov Xacmazda defn olundu - GORUNTULER
 

İyulun 18-də Birinci Qarabağ müharibəsinin şəhidi Kərimov Məzahir Xalıq oğlunun nəşinin qalıqları Xaçmazda dəfn olunub.

Zeferinfo.az xəbər verir ki, 1994-cü ildə şəhidlik zirvəsinə ucalan qəhrəman döyüşçü ölümündən 31 il sonra doğma yurdunda torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Xaçmaz Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin, hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, qazilər və sakinlər iştirak ediblər.

Vida mərasimi keçirildikdən sonra şəhid Dövlət Himninin sədaları altında və yaylım atəşinin müşayiəti ilə son mənzilə yola salınıb. Məzahir Kərimov doğulub boya-baş çatdığı Xaçmaz rayonunun Usta Cəlilli kəndində dəfn edilib.

Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub. Nəşin üzərinə örtülmüş Azərbaycanın üçrəngli Dövlət Bayrağı şəhidin ailəsinə təqdim edilib.

Kərimov Məzahir Xalıq oğlu 1970-ci il iyunun 16-da Xaçmaz rayonunun Usta Cəlilli kəndində doğulub. Keçmiş sovet ordusunda hərbi xidmət keçib. 1994-cü ildə könüllü olaraq Birinci Qarabağ döyüşlərinə qoşulub. Kəlbəcər rayonu istiqamətində qəhrəmanlıqla döyüşüb. Bu vaxta kimi itkin düşmüş hesab olunurdu. Şəhid Məzahir Kərimovun nəşinin qalıqları Ağdərə rayonu ərazində aşkarlanıb.

Məzahir Kərimov cəhbəyə yollanada ailəli idi. İki qız övladı yadigar qalıb. Nəvəsi şəhid Məzahir Kərimovun adını daşıyır.