Şəhid atası Naxçıvan MR Ali Məclisinə namizəd olub

Sehid atasi Naxcivan MR Ali Meclisine namized olub

Mən Zamanlı Rəhman Məmməd oğlu 17 mart 1973-cü ildə Naxçıvan Muxtar Respublikası Şərur rayon Püsyan kəndində dünyaya gəlmişəm. 1980-ci ildə Püsyan kənd tam orta məktəbinə getmişəm, 1990-cı ildə həmin məktəbi bitirmişəm. 1991-ci ildə hərbi xidmətə çağırılmışam, 1-ci Qarabağ müharibəsində döyüşlərdə iştirak edərək 1996-cı ildə Müharibə veteranı kimi tərxis olmuşam. 1997-ci ildə Daxili İşlər Orqanlarında xidmətə başlamış, 014-cü ildə Polis sıralarından təqaüdə buraxılmışam.

Qüsursuz xidmətlərimə görə 2 medalım var. Ailəliyəm, 1oğul, 2 qız övladım var. Oğlum Leytenant Zamanlı Məmməd 2020-ci ildə başlamış Vətən müharibəsində qəhrəmancasına vuruşaraq şəhadətə ucalıb. Döyüşlərdə fərqləndiyinə görə Cənab Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Mən 2022-ci ildən Şərur rayon Püsyan kənd tam orta məktəbində Təsərrüfat müdiri işləyirəm. Harada fəaliyyət göstərməyimdən isə asılı olmayaraq öz işimi vicdanla görməyə çalışmışam. Mənim üçün vicdan anlayışı, dövlətçilik və vətənpərvərlik hər şeydən öndə gəlir. İnsan harada çalışmasından asılı olmayaraq işini doğru görməli və xalqa xidmətdə qüsura yol verməməlidir. Bu mənada hesab edirəm ki, xalqa xidmət anlayışı xüsusi məsuliyyət hissi tələb edir.

Millət vəkilliyi də bu qəbildəndir. Bu yolda getmək istəyən hər kəs həmin vəzifənin məsuliyyətini anlamalı və ona olan etimadı doğrultmalıdır. Bu da yalnız vətənə, xalqa və dövlətə layiqli xidmətlə ölçülür. Xalqın içərisindən çıxmış, onların nəyə ehtiyacı olduğunu bilən bir şəxs kimi məsuliyyətimi tam anlayıram və sizi tam əmin edirəm ki, əgər mənə etimad göstərsəniz sizə xidməti özümə şərəf biləcək və bütün gücümlə üzərimə qoyulan vəzifəni doğrultmağa çalışacağam.
Hər birinizə təşəkkür edirəm!