Şəhid ailələri üçün Naftalan səfəri təşkil olundu

Sehid aileleri ucun Naftalan seferi teskil olundu

25–26 sentyabr tarixlərində bir qrup şəhid ailəsi üçün Naftalan şəhərinə səfər təşkil edilib. İki gün davam edən səfər çərçivəsində ailələr Naftalan sanatoriyalarında müalicə və istirahət imkanlarından yararlanıblar. Bu təşəbbüs şəhid ailələrinin sosial rifahına və mənəvi dəstəyinə xidmət edən dəyərli addımlardan biri kimi qiymətləndirilir.

Layihə Paraqraf.com saytının təsisçisi və “Təbiət və Cəmiyyət” İctimai Birliyinin icraçı direktoru Türkanə Səfərova, həmçinin “Şəhid Ailələrinə Qayğı” Cəmiyyətinin Xəzər rayon sədri Şükufə Səfərovanın təşkilaçılığı ilə baş tutub.

Səfər zamanı şəhid ailələri Naftalan Sağlamlıq Mərkəzinin rəhbəri İlqar Hüseynov tərəfindən qəbul olunublar. Görüşdə İlqar bəy ailələrlə səmimi söhbət apararaq onların qayğıları ilə maraqlanıb. O, həmçinin 27 Sentyabr – Anım Günü ilə bağlı keçirilən tədbirlərə görə təşəkkürünü ifadə edib. İlqar Hüseynov çıxışı zamanı vurğulayıb ki, şəhid ailələrinin hər zaman yanında olmaq, onların sağlamlığına və sosial rifahına dəstək vermək dövlətimizin və cəmiyyətimizin mənəvi borcudur.

Səfərin davamında Naftalan şəhərində yaşayan şəhid ailələri ilə də birgə görüş təşkil olunub. Bu görüş şəhid ailələrinin bir-biri ilə ünsiyyətini möhkəmləndirməklə yanaşı, onların qayğılarının dinlənilməsi və diqqət mərkəzində saxlanılması baxımından mühüm əhəmiyyət kəsb edib.

Tədbirdə Paraqraf.com saytının təsisçisi və “Təbiət və Cəmiyyət” İctimai Birliyinin icraçı direktoru Türkanə Səfərova, həmçinin “Şəhid Ailələrinə Qayğı” Cəmiyyətinin Xəzər rayon sədri Şükufə Səfərova da iştirak ediblər. Onlar şəhid ailələrinin yüksək səviyyədə qarşılanması və səmimi qəbula görə İlqar Hüseynova təşəkkürlərini bildiriblər. Türkanə Səfərova qeyd edib ki, bu kimi təşəbbüslər şəhid ailələrinin həm mənəvi, həm də fiziki sağlamlığına dəstək olmaqla yanaşı, onların cəmiyyətlə daha yaxından inteqrasiyasına şərait yaradır.

İlqar Hüseynov isə öz növbəsində vurğulayıb ki, Naftalan Sağlamlıq Mərkəzinin qapıları hər zaman şəhid ailələrinin üzünə açıqdır. O, belə layihələrin davamlı xarakter daşıyacağını və şəhid ailələrinin rifahı üçün bütün imkanların səfərbər olunacağını bildirib.

Bu səfər bir daha sübut etdi ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı Azərbaycan cəmiyyətinin ən ali dəyərlərindən biridir. Onların rifahı üçün həyata keçirilən tədbirlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək.