Səfirlik: Azərbaycan Fələstinlə bağlı möhkəm və ardıcıl mövqe nümayiş etdirir
Zeferinfo.az xəbər verir ki, bəyanatda səfirlik Azərbaycan Respublikasına Fələstinlə bağlı beynəlxalq platformalarda nümayiş etdirdiyi möhkəm və ardıcıl mövqeyə görə dərin minnətdarlığını bildirib.
“Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfirliyi hər il noyabrın 29-da qeyd olunan bu gündə Fələstin xalqı ilə beynəlxalq həmrəyliyin əhəmiyyətini və bu həmrəyliyin xalqımızın qanuni hüquqlarının müdafiəsində, öz torpağında azad və ləyaqətli şəkildə yaşaması üçün daşıdığı rolu bir daha vurğulayır”, - bəyanatda deyilir.
Qeyd edilib ki, “beynəlxalq həmrəylik işğala son qoyulmasına, ilhaq, məskunlaşdırma və məcburi köçürmə siyasətlərinin dayandırılmasına yönəlmiş səylərin təməlini təşkil edir”.
“Həmçinin bu həmrəylik Fələstin xalqının ayrılmaz və toxunulmaz hüquqlarına, ilk növbədə öz müqəddəratını təyin etmə hüququna, 1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulmasına, habelə qaçqınların öz yurdlarına və evlərinə qayıtmaq hüququna dəstək deməkdir. Bu hüquqlar beynəlxalq hüququn normalarına və aydın tarixi ədalətə əsaslanır”, - bəyanatda vurğulanır.
Bu münasibətlə Fələstin Dövlətinin səfirliyi Azərbaycan Respublikasına Fələstin haqqının müdafiəsi istiqamətində müxtəlif beynəlxalq platformalarda nümayiş etdirdiyi möhkəm və ardıcıl mövqeyə görə dərin minnətdarlığını ifadə edir. Səfirlik vurğulayır ki, bu mövqe iki xalqı birləşdirən qardaşlıq münasibətlərinin bariz təzahürü olmaqla, ədalət və sülhün müdafiəsi naminə əməkdaşlığın və birgə fəaliyyətin güclənməsinə xidmət edir.