Sahibə Qafarova Böyük Britaniyanın keçmiş baş naziri ilə görüşüb

Sahibe Qafarova Boyuk Britaniyanin kecmis bas naziri ile gorusub

Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 76-cı Baş naziri, Lordlar Palatasının üzvü, Baronessa Tereza Mey ilə görüşüb.

Zeferinfo.az-ın məlumatına görə, Baronessa Tereza Mey belə vacib qlobal tədbirə evsahibliyi etdiyi üçün Azərbaycanı təbrik edərək, bildirib ki, 70 mindən çox adamın iştirak etdiyi COP29 bütün dünyanın diqqətindədir.

Qonaq xatırladıb ki, əvvəlki dövrlərdə Qlazqo şəhəri də COP tədbirinə evsahibliyi etdiyi üçün onlar bu tədbirin təşkilinin nə dərəcədə böyük məsuliyyət olduğunu yaxşı anlayırlar. Baronessa Azərbaycanın COP29-u yüksək səviyyədə təşkil etdiyini bir daha vurğulayıb.

Spiker Sahibə Qafarova iqlim dəyişikliyinin təsirlərinə məruz qalan bir ölkə kimi Azərbaycanın hələ COP29 sədrliyindən əvvəl ətraf mühitin qorunması, o cümlədən, bərpa olunan enerji mənbələrindən istifadə məsələlərinə hər zaman böyük diqqət göstərdiyini söyləyib. O, qonağa, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yaşıl enerji layihələri barədə də danışıb.

Vurğulanıb ki, iqlim dəyişikliyi zəmanənin ən aktual problemidir və təxirəsalınmadan müvafiq addımların atılmasını tələb edir. Milli Məclisin sədri bu kimi vacib məsələlərin müzakirə olunduğu tədbirin siyasiləşdirilməsinin yolverilməz olduğunu deyib. O, təəssüflə qeyd edib ki, tədbirdən əvvəl bəzi dövlətlər tərəfindən Azərbaycana qarşı siyasi hücumlar və təzyiq cəhdləri olub. Spiker bunu ölkənin öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinə qarşı qısqanc münasibətlə əlaqələndirib.

Söhbət zamanı, iqlim dəyişikliyi problemlərinə qarşı mübarizədə parlamentlərin vacib rolu da qeyd edilib. Bu mənada noyabrın 16-17-də COP29 çərçivəsində Milli Məclis və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Görüşünün də əhəmiyyəti diqqətə çatdırılıb.