Sahibə Qafarova Azərbaycanın TÜRKPA-ya sədrliyi barədə hesabat verib

Zeferinfo.az-ın məlumatına görə, bunu TÜRKPA-nın fəaliyyətdə olan sədri, Milli Məclisin spikeri Sahibə Qafarova Astanada iyunun 12-də TÜRKPA Assambleya Şurasının iclasında çıxış edərkən deyib.
O, çıxışında Milli Məclisin təşkilata sədrliyi dövründə görülən işlər haqqında hesabatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sahibə Qafarova vurğulayıb ki, ötən dövrdə parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi, TÜRKPA-nın fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində bütün addımlar atılıb.
TÜRKPA-nın başqa beynəlxalq platformalara bənzəmədiyini, eyni kökdən olan, ortaq milli-mənəvi dəyərləri bölüşən qardaş xalqlarımızın təmsilçilərini eyni çətir altında birləşdirən bir təşkilat olduğunu deyən Milli Məclisin sədri bildirib ki, qardaş ölkələrimiz arasındakı əməkdaşlığın gündən-günə inkişaf etdiyi bir dövrdə TÜRKPA-nın səmərəli fəaliyyəti ölkələrimiz arasında birliyin və həmrəyliyin genişlənməsinə parlament dəstəyini təmin edir. Təşkilat həm də türk dünyasının vahid mövqeyinin beynəlxalq parlament platformalarında eşidilməsinə imkan yaradır.
Spiker Sahibə Qafarova deyib ki, Milli Məclisin quruma sədrliyi 13-cü Şura iclası zamanı qəbul edilən Fəaliyyət Planı əsasında həyata keçirilib. Ötən dövrdə daimi komissiyaların iclasları Fəaliyyət Planına uyğun olaraq müntəzəm şəkildə keçirilib, üzv ölkələrin qanunvericiliyinin yaxınlaşdırılması istiqamətində fəaliyyət davam etdirilib. Vahid hüquqi məkanın formalaşması prosesinin önəmli aspekti olan model qanunların hazırlanması istiqamətində fəaliyyət böyük səylə davam etdirilib. O cümlədən, seçki və referendumların müşahidəsi işi uğurla həyata keçirilib ki, bu da üzv ölkələrin dövlət strukturları ilə Assambleya arasında əməkdaşlığın güclənməsinə, üzv ölkələrdə demokratik seçki ənənələrinin daha da inkişafına töhfə verir.
Hesabatda həmçinin ölkələrimizdə qadınların və gənclərin rolunun artırılması, üzv parlamentlərimizin qadın və gənc təmsilçiləri arasında əməkdaşlığın daha da gücləndirilməsi baxımından TÜRKPA-nın Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun işi əhəmiyyətli qiymətləndirilib və bu sahədə keçirilən tədbirlər təqdir edilib. TÜRKPA çərçivəsində ayrı-ayrı parlament komitələrinin çoxtərəfli əməkdaşlığı və dialoqu da ümumi işimizə mühüm töhfə kimi qiymətləndirilib.
Milli Məclisin sədri çıxışında vurğulayıb ki, praktiki əməkdaşlığın, qarşılıqlı təcrübə mübadiləsinin daha da genişləndirilməsi baxımından parlamentlərimizin aparatları arasında işbirliyi də vacibdir. Bu baxımdan TÜRKPA çərçivəsində ötən ilin iyununda Bakıda parlament Baş katiblərinin birinci görüşünün keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Qeyd olunanlarla yanaşı, Milli Məclisin təşkilata sədrliyi dövründə TÜRKPA-nın beynəlxalq əlaqələrinin inkişafı və gücləndirilməsi, digər təşkilatlarla münasibətlərinin daha da təkmilləşdirilməsi işinin də uğurla davam etdirildiyi qeyd olunub. Bu kontekstdə TÜRKPA-nın üzv parlamentlərin qarşılıqlı əməkdaşlıq təşkilatı olmaqla yanaşı, həm də ortaq maraqlarımızın beynəlxalq platformalarda parlament diplomatiyası vasitəsilə müdafiəsi və təbliği baxımından da xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Daha sonra təşkilati məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul olunub, həmçinin təşkilata sədrlik Qazaxıstana keçib.