Şagird məktəbli yoldaşının gözünə xəsarət yetirdi - Məktəbdən kənarlaşdırıldı 

Sagird mektebli yoldasinin gozune xesaret yetirdi - Mektebden kenarlasdirildi 

 

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Şabranda 10-cu sinif şagirdi məktəbli yoldaşına xəsarət yetirib.

Sosial şəbəkələrdə hadisə ilə bağlı bir sıra iddialar yayılıb. Bildirilib ki, 10-cu sinif şagirdi 11-ci sinif şagirdinin gözünə xəsrət yetirməsi barədə xəbərlər yayılıb. Yayılan məlumata görə, uşaq əməliyyat üçün Bakıya göndərilib.

Zeferinfo.az mövzu ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsi ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, yanvarın 8-də səhər saatlarında Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi məktəbdənkənar ərazidə 11-ci sinif şagirdinə qarşı aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib:

“Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir. Məktəblinin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir.  Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün  məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bildiririk ki, məktəb yoldaşına xəsarət yetirən şagird bundan öncə də təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun olmayan davranışlar edib, məktəb rəhbərliyi və psixoloq tərəfindən həm şagirdlə, həm də ailəsi ilə mütəmadi olaraq profilaktiki söhbətlər aparılıb. Sözügedən son hadisədən sonra valideynin müraciəti və müvafiq ərizəsinə məktəbin pedaqoji şurasında baxılıb və şagird məktəb-şagird kontingentindən uzaqlaşdırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq vətəndaşların icbari ümumi orta təhsil almaq hüququ təmin olunur”.

TƏBİB-dən isə bildirilib ki, 08 yanvar 2025-ci il tarixində saat 11:00 radələrində Şabran rayon sakini 17 yaşlı şəxs (kişi cinsli) baş, göz və əl nahiyələrində əzilmiş və cırılmış yaralar diaqnozu ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilib. Ona zəruri tibbi yardım göstərilib və ixtisaslı tibbi xidmət alması məqsədilə Bakı Elmi-Tədqiqat Göz Xəstəlikləri Klinikasına göndərişlə təmin olunub.