Sabirin şeirinin dəyişdirilməsinə REAKSİYA - Onlar buna görə cavab verməlidirlər

Sabirin seirinin deyisdirilmesine REAKSIYA - Onlar buna gore cavab vermelidirler

Ötən gün dahi Azərbaycan şairi M.Ə.Sabirin şeirinə bəstələnmiş toy üslubundakı mahnı sürətlə yayılıb.

Mahnıda orijinal mətndəki sözlərin dəyişdirilməsi birmənalı qarşılanmayıb.

Belə ki, Sabirin şeirinin ilkin variantında yer alan “İyənmişəm ağzının suyundan” ifadəsi mahnıda “Adətidir, yəqin, gəlir soyundan” kimi təqdim edilib.

Bu dəyişiklik sosial şəbəkədə qınaq mövzusuna çevrilib. Bir çoxları klassik irsə müdaxiləni düzgün hesab etmədiklərini bildiriblər.

İzləyicilər mahnını toy bazarı üçün yazıldığını, bunun Sabirin yaradıcılığına uyğun olmadığını qeyd ediblər.

Bəs, bu cür dünyaşöhrətli şairin şeirinin sözlərinin dəyişdirilməsi nə dərəcədə doğrudur?

Görəsən, bu hərəkətlə insanlar şairlərimizi niyə hədəf alırlar?

Məsələ ilə bağlı AMEA-nın müşaviri, akademik Möhsün Nağısoylu Medialive.az-a açıqlama verib.

O bildirib ki, musiqiyə, sənətə, klassikaya bu cür yanaşmaq doğru hal deyil:

“Mənim fikrimcə, klassiklərimizin əsərlərinə toxunulmamalı, sözlərində dəyişiklik edilməməlidir. Parodiyalar ola bilər, amma musiqiyə, sənətə, klassikaya bu cür yanaşmaq doğru hal deyil. Mən də bunun birmənalı əleyhinəyəm. Buna səbəb ilk növbədə insanların qeyri-peşəkar yanaşmasından, özlərinə məşğuliyyət tapmamasından irəli gəlir. Onlar dahi şairlərimizin yaradıcılıqlarına kölgə salmaqla məşğuldurlar. Kiminsə əsərlərini, yaradıcılıq məhsullarını dəyişərək yeni bir ədəbiyyat nümunəsi yaratmaq istəyirlər. Musiqi, üslub, söz, klassika tamamilə fərqli anlayışlardır”.

“Bu şəxslər qanun qarşısında məsuliyyət daşıyırlarmı?” sualına isə akademik belə cavab verib:

“Bəli, onların hər biri qanun qarşısında məsuliyyət daşıyırlar. Cavab verməlidirlər”.

Mikayıl Mirzəzadə