Zeferinfo.az xəbər verir ki, Ailə Məcəlləsinə əsasən, bu şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək: qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları; bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu.
Bu qadağa 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.
Xatırladaq ki, hazırkı qanunvericiliyə əsasən, aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:
– yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);
– övladlığa götürənlər və övladlığa götürülənlər;
– ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;
– bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər;
– ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.