Rüşvət almaqda ittiham olunan sabiq icra məmuru ilə zərərçəkənlər arasında barışıq əldə edilib

Zeferinfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
Ayxan Novruzov ifadəsində bildirib ki, o özünü təqsirli bilir: "Mən elan olunan ittihamda özümü təqsirli bilirəm. Cavan olmuşam. Bir səhv etmişəm. Zərərçəkənlərə də zərəri ödəyib onlarla barışıq əldə etmişəm. Məncə, kimsə qalmayıb, amma kimisə unutmuşamsa və ya əlavə nəsə istəsələr, onu da ödəməyə hazıram".
Prosesdə ifadə verən zərərçəkən Oqtay Qurbanov bildirib ki, təqsirləndirilənlə barışıq əldə olunub, ona dəyən 1200 manat ziyan tam ödənilib: "O, mənə dəyən ziyanı tam ödəyib. Hazırda şikayət və tələbim yoxdur. Məhkəmədən xahişim odur ki, onu bağışlayasınız".
Digər zərərçəkənlərin dindirilməsi üçün proses mayın 13-dək təxirə salınıb.
Qeyd edək ki, Ədliyyə Naziriliyinin rayon icra şöbələrindən birində icra məmuru işləmiş Novruzov Ayxan Nəsrulla oğlu rüşvət almaqda və dələduzluqda ittiham edilir.
A.Novruzov barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Baş İdarəsində araşdırma aparılıb.
Ona Cinayət Məcəlləsinin 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və birinci instansiya məhkəməsinin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Cinayət işində 11 nəfər zərərçəkmiş qismində tanınıb.