Zeferinfo.az xəbər verir ki, konfrans çərçivəsində sənaye və biznes üçün agent əsaslı Süni İntellekt (Sİ) yanaşmalarının təsiri, Sİ həllərinin real sektorlarda tətbiqi, eləcə də böyük dil modellərinin və agent inkişaf ekosisteminin yenilənmələri müzakirə olunub. Tədbirdə, o cümlədən “Doubao” model xəttinin yenilənməsi və Agent inkişaf alətlərinin təkmilləşdirilməsi təqdim olunub.
Səfər çərçivəsində “BytePlus” şirkətinin direktoru Yongliang Zhang ilə işgüzar görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası ilə “ByteDance/BytePlus” arasında əməkdaşlıq perspektivləri, “BytePlus” tərəfindən təqdim olunan süni intellekt həllərinin Azərbaycanda tətbiqi, ölkəmizdə məlumat mərkəzinin yaradılması və Sİ sahələrində birgə sərmayə və tərəfdaşlıq imkanları müzakirə edilib.
Əməkdaşlığın davamı olaraq tərəflər arasında koordinasiyanın gücləndirilməsi məqsədilə birgə işçi qrupunun yaradılması barədə razılıq əldə edilib. İşçi qrupunun əsas məqsədi prioritet istiqamətlərin müəyyənləşdirilməsi, mümkün birgə layihələrin qiymətləndirilməsi və əməkdaşlıq üzrə praktik yol xəritəsinin formalaşdırılması olacaq.
“ByteDance” 2012-ci ildə təsis edilmiş, süni intellektlə dəstəklənən innovativ platformaların yaradılmasına fokuslanan qlobal texnologiya şirkətidir. Şirkət insanların məlumatları kəşf etməsinə, yaratmasına və paylaşmasına kömək edən məzmun və məhsuldarlıq həllərini inkişaf etdirir. Bu məhsullara “TikTok”, “Douyin”, “CapCut”, “Lark” və digər müasir həllər daxildir.