RİNN: Dənizçi sənədlərinin saxtalaşdırılmasına qarşı sərt tədbirlər görüləcək

Bu barədə Önder.tv-yə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Dənizçi sənədlərinin saxtalaşdırılması hallarına qarşı mübarizə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsi, Ticarət Gəmiçilik Məcəlləsinin 44.4 maddəsi ilə tənzimlənir.
Həmçinin “Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə”nin 1.6-cı maddəsi – sənəd saxtakarlığı halı aşkar edildikdə Agentliyin müvafiq tədbirlər görmək səlahiyyətini müəyyən edir.
Dənizçi sənədlərinin saxtalaşdırılmasının qarşısını almaq və bu sahədə şəffaflığı təmin etmək məqsədilə qanunvericilikdə dəyişikliklərlə bağlı təkliflər hazırlanıb.
Saxta sənədlərdən istifadə dəniz üzgüçülüyünün təhlükəsizliyinə, dənizçilərin sosial rifahına, əmlaka və dəniz ətraf mühitinə ciddi risklər yaradır. Eyni zamanda, bu hallar Azərbaycanın Beynəlxalq Dəniz Təşkilatının “Ağ Siyahı”sında mövqeyini zəiflədə, ölkəmizin beynəlxalq imicinə mənfi təsir göstərə və dənizçilərimizin xarici gəmilərdə iş imkanlarını məhdudlaşdıra bilər.
Beynəlxalq Dəniz Təşkilatı DHDNÇ Konvensiyasının tələbinə əsasən tərəf dövlətlər özünün verdiyi dənizçi sənədlərinin həqiqiliyini maraqlı tərəflərin fasiləsiz və etibarlı şəkildə yoxlamaq imkanını təmin etməlidir. Bu baxımdan, Agentliyin rəsmi internet səhifəsində yaradılmış “Sertifikatların yoxlanılması” bölməsi fasiləsiz olaraq Agentlik tərəfindən verilmiş dənizçi sənədlərinin həqiqiliyinin yoxlanılması imkanını yaradır (https://e-services.ardda.gov.az:8090/)
Agentlik bir daha bildirir ki, dənizçi sənədlərinin saxtalaşdırılması, qanunsuz hazırlanması və ya saxta sənədlərdən istifadə edilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Bu baxımdan, Agentlik bütün aidiyyəti tərəfləri, xüsusilə dənizçiləri bu kimi hallardan çəkinməyə və oxşar hallarla rastlaşdıqda, dərhal Agentliyi məlumatlandırmağa çağırır.