Rəşad Məcidin 60 yaşı tamam olur
Bu gün Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin 60 yaşı tamam olur.
Zeferinfo.az xəbər verir ki, Rəşad Məcid 1964-cü ildə Ağcabədi rayonunda dünyaya gəlib.
O 1979-cu ilədək Ağdam şəhərində yaşayıb, həmin vaxtdan Bakıya köçüb. 1981-ci ildə Respublika fizika-riyaziyyat təmayüllü 1 saylı orta məktəbi, 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakülətsini bitirib. 1985-ci ildən “Elm və həyat” jurnalında korrektor kimi əmək fəaliyyətinə başlayıb. 1990-cı ilədək həmin jurnalın müxbiri işləyib. 1990–1991-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində sədr müavini vəzifəsində çalışıb. 1991–1992-ci illərdə əvvəlcə “Ədalət” qəzetində, sonra isə "Azərbaycan" qəzetində baş redaktorun birinci müavini kimi işləyib. 1992-ci ildə “525-ci qəzeti” təsis edib. 1993-cü ildə "Azərmətbuatyayımı" İstehsalat Birliyinin rəisi olub. 1994–1995-ci illərdə Azərbaycan Tərcümə Mərkəzində məsul katib vəzifəsində çalışıb. 1995-ci ildən "525-ci qəzet"in baş redaktoru vəzifəsində fəaliyyət göstərib. Azərbaycan jurnalistlərinin 24 sentyabr 2022-ci il tarixdə keçirilmiş VIII qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib.
Xatırladaq ki, dünən Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Museyib oğlu Məcidov (Məcid) 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Təbrik edirik!