Rəqəmsal İdarəetmə və İctimai Güvən: Azərbaycanın AI Gələcəyi

Süni intellekt (AI) artıq sadəcə texnoloji yenilik və məhsuldarlıq vasitəsi deyil. O, idarəetmənin quruluşunu, ictimai təhlükəsizliyin təminatını və cəmiyyətlərin davranış kodlarını dəyişdirir. Bu transformasiya xüsusilə sosial siyasət, hüquq-mühafizə, bürokratiya, şəhərsalma, nəqliyyat, ekoloji nəzarət və vətəndaş məmnuniyyəti kimi sahələrdə əhəmiyyətli nəticələr doğurur. Azərbaycanda isə bu qlobal dəyişiklik təkcə texniki yenilənmə yox, həm də fəlsəfi və siyasi bir sual doğurur: Texnologiya hər şeyi görməyə başlayanda, nələr dəyişir?
Bu sual bizi Mişel Fukonun "governmentality" — yəni “idarəolunma məntiqi” anlayışına gətirir. Fukoya görə, müasir dövlətdə güc sadəcə zor vasitəsilə yox, fərdlərin özlərini idarə etməyə təşviq edən incə mexanizmlərlə icra olunur. Bu mexanizmlər adətən məlumat, müşahidə, qiymətləndirmə və davranışın normallaşdırılması üzərindən həyata keçirilir. Süni intellekt də bu idarəetmə ağıllarının müasir simvoludur: o, dövlətə yalnız müşahidə imkanı vermir, həm də fərdin gündəlik davranışını ölçmək, dəyərləndirmək və yönəltmək üçün alətə çevrilir. Azərbaycanda texnologiya bu yeni idarəetmə formalarının bünövrəsini qoyaraq, vətəndaş–dövlət münasibətlərinə yeni bir şəffaflıq və səmərəlilik qatır.
Nəzarət Deyil, Nizam
Azərbaycanda texnologiyaya əsaslanan nəzarət repressiya aləti kimi deyil, daha çox ictimai asayişi, şəffaflığı və kollektiv məsuliyyət hissini gücləndirən bir mexanizm kimi qəbul olunur. Vətəndaşların rahatlıq, sabitlik və yüksək keyfiyyətli dövlət xidmətlərinə dair artan gözləntiləri, süni intellektin tətbiqinə daha açıq və müsbət münasibət formalaşdırıb. Bu isə göstərir ki, süni intellekt yalnız müşahidəçi rolunda çıxış etmir, həm də dövlət–vətəndaş münasibətlərində tənzimləyici və birləşdirici funksiyanı yerinə yetirə bilər.
Bakı küçələrinin daha təmiz olması, yol hərəkətində intizamın artması və dövlət xidmətlərinə çıxışın daha rahat və çevikləşməsi artıq adi bir müşahidəyə çevrilib. Bu dəyişiklikləri yalnız vətəndaş maarifçiliyi ilə izah etmək yetərli deyil. Eyni zamanda, bu vəziyyəti yalnız texnoloji nəzarətin mövcudluğu ilə də əsaslandırmaq mümkün deyil.
Məsələn, zibillərin yerə atılmaması davranışı, əslində, inzibati cərimələrin tətbiqi və izlənilmə ehtimalının yaratdığı psixoloji özünənəzarətlə daha çox bağlıdır. İnsanlar ətrafda kamera olub-olmadığını bilməsələr belə, görünməz bir gözün onları izlədiyi ehtimalı, qaydalara riayət etmək üçün kifayət qədər motivasiya yaradır.
Bu davranış təkcə qorxu və cərimə ilə izah olunmur. Zamanla bu nəzarət hissi fərdlərdə daxili məsuliyyət duyğusunun və doğru olanı etməyə yönəlmiş vətəndaş şüurunun formalaşmasına da təsir edir. Başqa sözlə, görünməz göz sadəcə nəzarət etmir, eyni zamanda ictimai davranışların formalaşmasında sakit, lakin güclü bir nizamlayıcı rolunu oynayır.
Bu baxımdan süni intellekt yalnız müşahidə funksiyası daşıyan texnologiya deyil, vətəndaş məsuliyyətini təşviq edən və sosial davranışların koordinasiyasını mümkün edən idarəetmə vasitəsidir. Sadə inzibati qaydaların belə müşahidə mexanizmləri ilə effektiv işləməsi göstərir ki, texnologiyanın iştirakı cəmiyyətin davranış normalarına birbaşa təsir edə bilir. İnsanlar izlənildiklərini hiss etdikdə qaydalara daha çox riayət etməyə meyillənirlər və bu kontekstdə texnologiya, hər kəsin eyni vicdana sahib olmadığı bir reallıqda, rəqəmsal vicdan funksiyasını öz üzərinə götürür.
Rəqəmsal Dövlətin Yüksəlişi
Bu dəyişimin əsas təməlini isə vətəndaşların rəqəmsal xidmətlərə artan etimadı təşkil edir. ASAN Xidmət, myGov, e-Sosial və Mobil Notariat kimi platformalar gündəlik həyatın ayrılmaz parçasına çevrilib. Bu sistemlər birbaşa süni intellektlə işləməsə də, AI ilə idarə olunan gələcək sistemlər üçün həm texnoloji baza, həm də ictimai etimad mühiti yaradır.
Beləliklə, Azərbaycanda süni intellekt artıq soyuq texnoloji varlıq yox, dövlətin rəqəmsal köməkçisi kimi qəbul edilməyə başlayır. Hələlik bu, alqoritmik qərarvermə səviyyəsinə çatmayıb, lakin texnologiyaya münasibətdə dönüş nöqtəsidir.
Çin Nümunəsi: Etimad Nəzarətdən Doğanda
Çin, texnologiyadan istifadə edərək ictimai davranışların tənzimlənməsi sahəsində ən genişmiqyaslı təcrübələrdən birini həyata keçirib. 2010-cu ildən etibarən ölkə üzrə yerləşdirilən 600 milyondan çox müşahidə kamerası böyük şəhərlərdə cinayət səviyyəsinin kəskin şəkildə azalmasına səbəb olub. Cinayət hadisələrinin qısa müddətdə aşkar olunması, təhlükəsizliyin artması və hüquq-mühafizə orqanlarının operativ fəaliyyəti ictimai etimadı gücləndirib. Xüsusilə ailələr bu texnoloji nəzarəti təhlükəsizlik və sabitliyin təminatçısı kimi qəbul etməyə başlayıblar.
Azərbaycan bu modeli birbaşa kopyalamasa da, eyni məntiqi izləyir: insanlar texnologiyanın qorxu deyil, nizam və təminat yaratdığına inandıqları zaman daha pozitiv reaksiya verirlər.
Zaman: Yeni Dövlət Valyutası
AI-nin dövlət idarəetməsində ən dəyərli rolu isə vaxt qənaətidir. Bürokratik yubanma, subyektiv qərarlar və insan faktoru həm xidmətin keyfiyyətini aşağı salır, həm də ictimai inamı zədələyir. Süni intellekt isə prosesləri avtomatlaşdıraraq sürəti və obyektivliyi artırır.
Bu təkcə texnologiya deyil — bu, sosial transformasiyadır. Dövlət nə qədər çevik və şəffaf reaksiya verərsə, vətəndaş onun legitimliyini və qayğısını bir o qədər çox hiss edir.
Ağıllı Şəhərlər: AI-nin Urban Gücü
Süni intellektin təsiri təkcə dövlət idarəçiliyi ilə məhdudlaşmır. “Smart city”, yəni ağıllı şəhər modeli — AI-nin urban sahədə tətbiqi üçün yeni imkanlar açır. Real vaxt rejimində nəqliyyatın tənzimlənməsi, enerji sərfiyyatının optimallaşdırılması, təhlükəsizlik sistemlərinin inteqrasiyası və kommunal xidmətlərin avtomatlaşdırılması bu yanaşmanın əsas elementləridir.
Bakı kimi böyüyən şəhərlər üçün bu model urban rifahın və məmnuniyyətin yüksəlməsində həlledici rol oynaya bilər. Belə bir şəhər artıq sadəcə fiziki məkan deyil, öz sakinlərini tanıyan və onların ehtiyaclarına uyğunlaşan ağıllı bir sistemə çevrilir.
Gücün Nəzarətdən Çıxdığı Nöqtə
Texnologiyanın hər sahəsində olduğu kimi, AI-də də potensial təhlükələr mövcuddur. Əgər nəzarət mexanizmləri zəifləyərsə və ya kibertəhlükələrə qarşı dayanıqlı struktur olmazsa, şəxsi məlumatların sızması, algoritmik qərəz, hüquqi qeyri-müəyyənlik və texnoloji avtoritarizm təhlükəsi ortaya çıxa bilər.
Buna görə də süni intellektin tətbiqi yalnız texniki deyil, həm də etik və hüquqi çərçivələrlə müşayiət olunmalıdır. Şəffaflıq, hesabatlılıq və insan mərkəzli idarəetmə prinsipləri qorunmadıqca, texnologiyanın yaratdığı inam, qorxuya çevrilə bilər.
Yeni Sosial Müqavilənin Astanasında
Azərbaycan rəqəmsal nəzarət dövrünə zorla yox, razılıq və rahatlıqla daxil olur. Bu model nəzarəti qorxu vasitəsi deyil, nizam və xidmət keyfiyyəti üçün həyata keçirir. Sual artıq süni intellektdən istifadə olunmalıdırmı deyil — harada, necə və hansı prinsiplərlə tətbiq olunmalıdır sualıdır.
Texnologiya bizə baxır. Amma bu dəfə onun baxışı qorxu yox, güvən yaradır.
Sərtac Atlas