“Rəqəmsal dövlət maliyyəsi” vasitəsi ilə büdcə məlumatları və maliyyə hesabatları təqdim ediləcək, satınalma müqavilələri bağlanacaq

“Reqemsal dovlet maliyyesi” vasitesi ile budce melumatlari ve maliyye hesabatlari teqdim edilecek, satinalma muqavileleri baglanacaq

“Rəqəmsal dövlət maliyyəsi” vasitəsi ilə büdcəsi məlumatları, birləşdirilmiş maliyyə hesabatları təqdim ediləcək, satınalma müqavilələri bağlanacaq.
Zeferinfo.az-ın xəbərinə görə, bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin yaradılması ilə əlaqədar “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlara dəyişiklik müzakirəyə çıxarılıb.
Qeyd edək ki, “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 1-ci hissəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinə aid sahələrin, o cümlədən büdcə, vergi, gömrük, dövlət rüsumu, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üzrə dividendlərin və digər büdcə daxilolmalarının, habelə audit, mühasibat uçotu (o cümlədən dövlət maliyyə və qeyri-maliyyə aktivlərinin uçotu), dövlət maliyyə nəzarəti, dövlət xəzinədarlığı, dövlət borcu sahələrinin və maliyyə öhdəliklərinin səmərəli idarə edilməsi məqsədilə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin yaradılması müəyyənləşdirilib. Həmin Fərmanla dövlət orqanlarının (qurumlarının), dövlət büdcəsindən maliyyə vəsaiti alan dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər təşkilatların maliyyə sənədlərinin elektron qaydada mübadiləsinin təmin edilməsi, həmçinin dövlət vəsaiti hesabına mal, iş və xidmətlərin satın alınmasının elektron müqavilələr əsasında həyata keçirilməsinin təmin edilməsi və bu müqavilələrin elektron qaydada bağlanılmasını təşkil edilməsi barədə tapşırıqlar müəyyənləşdirilib.
Beləliklə, “Büdcə sistemi haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən həmin qanunla müəyyən olunmuş müddətlərdə dövlət büdcəsinin və icmal büdcənin göstəricilərinin tərtibi üçün zəruri olan məlumatların büdcə təşkilatları tərəfindən müvafiq dövlət orqanına təqdim edilməsi, eləcə də dövlət büdcəsi göstəricilərinin, gəlir və xərclər bölgüsünün və digər məlumatların həmin orqan tərəfindən büdcə təşkilatlarına təqdim edilməsi “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi vasitəsilə həyata keçiriləcək.
“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi mühasibat uçotu (o cümlədən dövlət maliyyə və qeyri-maliyyə aktivlərinin uçotu) sahəsindəki fəaliyyəti də əhatə etdiyindən “Mühasibat uçotu haqqında” qanuna müvafiq dəyişiklik təklif olunur və “e-mühasibat” informasiya sistemi ifadəsi “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi” ifadəsi ilə əvəz olunur.
Hazırda “e-mühasibat” informasiya sistemində mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatlarının yerləşdirilməsi nəzərdə tutulursa, təklif olunan qanun layihəsinə əsasən informasiya sisteminin funksionallığı artırılaraq mühasibat uçotunun aparılmasının, həmçinin maliyyə hesabatlarının (birləşdirilmiş maliyyə hesabatlarının) tərtib və təqdim edilməsinin “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin özündə həyata keçirilməsi təmin ediləcək.
“Dövlət satınalmaları haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən satınalma prosedurunun nəticəsi üzrə satın alan təşkilatla təsərrüfat subyektləri arasında satınalma müqavilələrinin (“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun şamil edildiyi satınalmalara dair müqavilələrin, habelə həmin Qanunun 3.2.1-ci, 3.2.4-cü, 3.2.8-ci, 3.4-cü və 3.8-ci maddələrində göstərilən mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin) elektron qaydada –“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi vasitəsilə bağlanılması, həmçinin bu proseslə bağlı bir sıra məsələlərin (aksept bildirişlərinin göndərilməsi, müddətlərin müəyyən olunması, tələb olunan məlumatların informasiya sistemi tərəfindən portala ötürülməsi və s.) tənzimlənməsi təmin ediləcək.