İnfotur çərçivəsində “Millennium Turizm- Quba İnfotur Proqramı” adlı səmərəli təlimat və praktikyönümlü proqram modeli təqdim edilib.
“Millennium Turizm” şirkətlər qrupunun rəhbəri Ruslan Quliyev iştirakçılara məlumat verərək bildirib ki, proqram satış, əməliyyat və marketinq komandalarının real praktik bilik və bacarıqlar əldə etməsinə hesablanıb. Onun sözlərinə görə, infoturun əsas məqsədi Quba bölgəsinin turizm potensialı ilə yerində tanışlıq, bölgənin turizm məhsullarının turizm şirkətləri şəbəkəsi vasitəsilə təqdimat və satış imkanlarının genişləndirilməsi, eləcə də “Arena Hotel Guba”nın mehmanxana infrastrukturu və əlavə xidmət sahələrinin tanıdılması, uzunmüddətli işgüzar əməkdaşlıq əlaqələrinin formalaşdırılmasından ibarətdir.
Şirkət rəhbəri qeyd edib ki, düzgün planlaşdırılmış və peşəkar şəkildə təşkil olunmuş belə təftiş-infoturlar satış və marketinq fəaliyyətlərinin effektivliyini artırır, destinasiyaların real potensialını ortaya çıxarır, hotellər və turizm şirkətləri arasında etibarlı və uzunmüddətli tərəfdaşlıq yaradır. “Millennium Turizm” gələcəkdə də regionların turizm imkanlarının tanıdılması və incoming turizmin inkişafı istiqamətində bu cür təşəbbüsləri davam etdirməyi planlaşdırır”, – deyə Ruslan Quliyev əlavə edib.
İnfotur iştirakçıları Quba Olimpiya Kompleksi ilə də yaxından tanış olublar. “Arena Hotel Quba”nın ön ofis meneceri Camal Həziyev bildirib ki, kompleksin 16 hektar ərazisində 3 hotel, 20 nömrədən ibarət 5 apartament, bir neçə villa fəaliyyət göstərir. Bundan əlavə, kompleksin ərazisində 7 min nəfər tutumu olan futbol meydançası var ki, burada ölkədaxili oyunlar keçirilir.
Hotel rəsmisi onu da əlavə edib ki, Quba Olimpiya Kompleksi müxtəlif istiqamətdə idman yarışlarına ev sahibliyi etməklə bərabər, burada hər növ turisti qəbul etməyə lazımi şərait yaradılıb.











